Azərbaycan.media xəbər verir ki, millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında və mədəniyyətində tutduğu yer barədə fikirlərini bölüşüb.
Saytımıza açıqlama verən millət vəkili bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatına ilk növbədə şəhidlik anlayışını gətirib. Onun sözlərinə görə, məhz bu faciədən sonra ədəbiyyatımızda şəhid obrazı, şəhid anası, azadlıq, mübarizlik və fədakarlıq kimi mövzular formalaşıb:
“Bu faciə ilə birlikdə ədəbiyyatımızda şəhid obrazı, şəhid anası, azadlıq, mübarizlik və fədakarlıq motivləri meydana gəldi. Müstəqillik dövründə şəhid anlayışı ilk dəfə məhz 20 Yanvar hadisələri ilə ədəbiyyata yol açdı”.
Elnarə Akimova qeyd edib ki, 20 Yanvar faciəsinə ədəbiyyatda ən operativ reaksiya poeziya və publisistika sahələrində verilib. Bu sahələrdə fəaliyyət göstərən qələm sahibləri hadisəni birbaşa bədii təcəssüm predmetinə çeviriblər.
Millət vəkili xüsusilə şair Qabilin məşhur mərsiyəsini xatırladaraq bildirib ki, faciədən az sonra qələmə alınan bu əsər bu gün də 20 Yanvar hadisələrini bədii və poetik dolğunluqla əks etdirən əsas nümunələrdən biridir.
O, həmçinin Məmməd İsmayılın “Bu qan yerdə qalan deyil”, Məmməd Aslanın “Ağla qərənfil, ağla” əsərlərinin, eləcə də Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Famil Mehdi və Hüseyn Kürdoğlu kimi şairlərin yaradıcılığında 20 Yanvar mövzusunun geniş yer tutduğunu diqqətə çatdırıb. Elnarə Akimovanın sözlərinə görə, demək olar ki, dövrün əksər şairləri bu faciəyə yaradıcılıqlarında münasibət bildiriblər.
Nəsr sahəsində isə 20 Yanvar mövzusunun daha az işləndiyini vurğulayan millət vəkili qeyd edib ki, bu istiqamətdə azsaylı nümunələr mövcuddur. Onlardan biri Tofiq Qəhrəmanovun “Cəlladımız zalım idi” əsəridir. Digər mühüm nəsr nümunəsi kimi isə Sabir Əhmədlinin “Yanvar hekayələri” göstərilir.
Elnarə Akimova əlavə edib ki, xüsusilə “Dənizdən gələn səda” hekayəsində 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi zorakılıqlar və yaşanan faciə güclü bədii təsvirlərlə təqdim olunur.
