Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş sənətkarlardan biri də görkəmli qadın bəstəkarımız Şəfiqə xanım Axundova olmuşdur.
Dünyaya dağlar diyarı Şəkidə göz açmış Şəfiqə xanım musiqi üçün doğulmuşdu və 89 illik ömrünün demək olar ki, yeddi on illiyini bu ecazkar sənətə həsr etmişdi.
Şəfiqə xanım bu sənətə gəlişinin ilk xeyir-duasını böyük Üzeyir bəy Hacıbəylidən almışdı.
Şəfiqə xanımın böyük bacısı tanınmış ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Bu ziyalı ailənin qonaqları çox olurdu. Hamısı da tanınmış ziyalılar. Ailə məclislərində Şəfiqə xanım royalda musiqilər səsləndirirdi.
Elə onun istedadı da Üzeyir bəyi belə cəlb etmişdi. Məsləhət görmüşdü ki, bu qız mütləq musiqi təhsili almalıdır.
Bu xoş təsadüf Şəfiqə xanımın bütün gələcək həyatını həll etmişdi.
Musiqi ilə nəfəs alan Şəfiqə xanım əvvəlcə Asəf Zeynallı adına Musiqi Məktəbində daha sonralar Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili aldı.
İstedad, bacarıq və zəhmət. Bu üç keyfiyyətlərin hər biri musiqi sahəsində uğur qazanmaq üçün Şəfiqə xanımda kifayət qədər idi. Axtarırdı, arayırdı, yorulmadan çalışırdı, saatlarla royalın arxasından durmurdu.
Onun ilk mükəmməl musiqi təhsil illəri müharibə dövrünə təsadüf edirdi.
Çətinliklər çox idi. Amma Şəfiqə xanımın da yaradıcılıq ehtirası sönmək bilmirdi.
Çox vaxt ürəyinin dərin guşələrindən hər hansı bir mətnə bəstələyəcəyi mahnının melodiyaları süzülüb gəlirdi. Şəfiqə xanım onları nota köçürürdü.
İstedad heç vaxt kölgədə qalmır. Şəfiqə xanım da gənc olsa da, bir bəstəkar kimi tez tanındı, məşhurlaşdı və sevildi.
Bəlkə də çoxlarına asan görünə bilər. Amma eşidəndə ki, Şəfiqə xanım 600-dən çox mahnı bəstələyib, adam heyrətə gəlir.
Bu, mahnı elə-belə öz-özünə yaranmır.
Hər bir bəstəkar mahnısında onun müəllifinin fədakar ürək çırpıntıları, ürəyinin atəşi gizlənir. Şəfiqə xanımda da bir bəstəkar kimi bu hisslər çox güclü idi. Onun mahnılarının həddən çox sevilməsinin bir sirri də yəqin elə bunda idi.
O mahnılar ki, bir vaxtlar dillər əzbəriydi.
Tanınmış, məşhur müğənnilərin ifasında dönə-dönə səslənir və sürəkli alqışlar qazanırdı. “Nişanlılar”, “Gözlərimin işığı sənsən”, “Həsrətindəyəm”, “Mehriban olaq”, “Neyçün gəlməz”, “Nədən oldu”, “İntizar”, “Gəl ey səhər” bu siyahını istənilən qədər uzatmaq olar. Və hər bir mahnının adının səslənməsi ürəklərdə xoş xatirələr oyadır.
Bu mahnıların əksəriyyəti üçün illər əvvəllər, Şəfiqə xanımın gənclik illərində yaransa da, elə bu günün özündə də həvəslə dinlənilir.
Şəfiqə xanımın bir bəstəkar kimi ən böyük və unudulmaz anı 1972-ci ilə təsadüf edir.
Məhz, həmin ildə Şəfiqə xanım uzun illər ürəyində gəzdirdiyi, ürəyinin odu ilə bişirdiyi, ona misilsiz şöhrət qazandıran “Gəlin qayası” operasını tamamlayır.
Bu, bütün Şərq aləmində qadın bəstəkarın yaratdığı ilk opera idi.
Və Şəfiqə xanım Axundova musiqi mədəniyyətimizin tarixinə ilk qadın bəstəkar kimi düşdü.
Şəfiqə xanım hərtərəfli kamil bir bəstəkar idi. O, təkcə mahnılar yox, digər musiqi janrlarında da öz sözünü demişdi. Simfonik orkestr üçün əsərlər, romanslar, uşaq tamaşalarına musiqilər də yazmışdı.
Bu incəzövqlü xanım bəstəkarın əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdi. “Şərəf nişanı” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdu.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi idi. 1998-ci ildə “Xalq artisti” kimi yüksək fəxri ada layiq görülmüşdü.
Çox təəssüf ki, yeganə övladının vaxtsız itgisi onu çox sarsıtmışdı.
Təbii ki, bu ağır itgi onun yaradıcılığından da yan keçməmişdi.
Xalq öz sevimli bəstəkarını sevirdi. Bu gün də onu dərin hörmət və ehtiramla xatırlayır.
Çünki sənətdə izi olanlar heç vaxt unudulmur, tez-tez xatırlanır.
Bəstəkarın 90 illik yubileyi ölkəmizdə musiqisevərlər tərəfindən layiqincə qeyd edilmişdir.
II Fəxri Xiyabanda onun məzarı önündən keçəndə sanki qulaqlarıma həzin musiqi səsləri gəlir. Kim bilir, bəlkə də bu melodiyalar vəfasız ürəyin imkan vermədiyi və Şəfiqə xanımın nota köçürə bilmədiyi musiqi sədalarıdır. Min bir heyflər…
AYB və.AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısıMənbə: Azərbaycan.media
