Azərbaycan.media xəbər verir ki, yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüş keçirib.
Görüş zamanı Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı göstərilən diqqətə görə minnətdarlığını ifadə edərək, onun da salamlarının Neçirvan Bərzaniyə çatdırılmasını xahiş edib.
Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Görüşdə iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
