🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vətənpərvərlik ruhunda 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər

Xalq şairi Bəxtiyar Vahabzadə – Şəhidlər

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Xalq şairi Qabil – Vətən

Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam-
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda göz tutub.
Tarixində adım-sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Ancaq Vətən mənim kimi çoxunun
Zəhmətini çox çəkmişdir əzəldən.
Əllərimdən tuta-tuta aparmış,
Məni həyat yollarına çıxarmış.
Bu yerdədir, rişələrim, köklərim-
Ulu babam bu torpaqda uyuyur.
Vətən – mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur.
Vətənsizin nə günəşi, nə ayı?..
Vətən yoxsa – hər şey hədər, havayı.
Qarış-qarış dolansam da cahanı,
Gözəlsə də yad ellərə səyahət,
Heyran-heyran seyr etsəm də hər yanı,
Səyahətim burda bitər, nəhayət.
Ağuşuna çəkər məni torpağım.
Harda olsam, harda gəzib dolansam,
Burda tapar əks-səda sorağım.
Bir-birindən hər şey qopar, ayrılar-
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!

Xalq şairi Nəbi Xəzri – “Qanlı Yanvar”

Yermi batdı, göymü uçdu,
Söküləndə qırmızı dan?
Yer kürəsi iki rəngdən yoğrulmuşdu,
Qara ilə qırmızıdan.
Üfüq gümüş, torpaq qızıl,
Neftimizlə varlananlar
Görün necə qaytardılar haqqımızı…
Döz, ürəyim, döz ürəyim!
Pəncərəmə gəlib qonan günəş, aydı,
Muğamatın sədaları
Əsrlərin ağısıydı,
Üəklərə səbir dedi, dözüm yaydı,
Döz, ürəyim, döz, ürəyim!
Dinlədikcə bircə anlıq
Dəhşətləri unudursan.
Sağ ol, mənim muğamatım,
Ey varlığım, ey həyatım,
Tarixlərin qucağından
Yenə gəlib əllərimdən sən tutursan.
Döz, ürəyim, döz ürəyim!
Oğul cəsədini tapmayan ana,
İndi də şəhəri ağlar dolanır.
Sanki dərd əlindən gəlib tüğyana,
Dünyanın başına dağlar dolanır.
Bir gəlin-körpəsi imanı, dini,
Yudu uşağının ağ köynəyini,
Zivəyə sərməkçin eyvana çıxdı,
Tuşlandı gəlinə qatil gülləsi.

Evdə haray çəkdi körpənin səsi,
Yerə mərcan-mərcan al qanlar axdı.
Ölümə mərdanə getdi cavanlar
Qızardı göy rəngi asimanın da.

Əgər bir məcrayla axsaydi qanlar,
Xəzər yaranardı Xəzər yanında.
İnsan iradəsi dəmir olsa da,
Zirehli tanklara neylər dünyada?

Gör necə bənzərdir biz bunu gördük,
Qara əməllər də qara gecədir.
Düşmənlər gəlsəydi sinə gərərdik
Bəs “dost” dediyin nə,
Bu qırğın nədir?

Matəmə boyanmış doğma evim var,
Kədərim sonsuzdur, səbrim möhtəşəm.
Mənim silahım yox, tək qəzəbim var,
Güllə bir yol atar, qəzəb həmişə!

Neçə neçə cavanlarin toy gecəsi
Dönüb oldu vay gecəsi.
Qara geymiş anaların yaş qurudu gözlərində
Qızıl-qızıl kəcavələr üzdü şəhər üzərində…

O gün fəda etdi mərdlər baxtını,
İzdiham yarıldı xiyaban kimi
Ulduz-qərənfilli insan axını,
Düzüldü yer üstdə kəhkəşan kimi.

Sahildə dalğalar coşdu, çağladı,
Gəmi harayıyla Xəzər ağladı.
Dünyanı çulğayan fəryad səsidir,
Bundan hali edin gedib-gələni!

Zəlzələ təbiət faciəsidir,
İnsanlar gətirdi bu zəlzələni.
Anaların ahı, mərdlərin qanı,
Yerdə qalmayacaq heç zaman, heç vaxt!

Məgər ki, sabahın məğrur insanı,
Qatil boğazından yapışmayacaq?!
Qonur hər məzara göyün ulduzu,
Necə ağır olur gecə matəmi…

Kim deyir dünyada şəhidlər susur?!
Şəhidlər dillənir şahidlər kimi!
“Ey qanlı yanvar,
Əlində qan var.
Nə qədər torpaq var,
Göy, asiman var
Sən elə qanlısan,
Ey qanlı yanvar.
Nə qədər rica et, nə qədər yalvar,
Səni bağişlamaz el, qanlı yanvar”.
Allah, sanki birdən zaman dayandı,
Gördük neçə vəhşi ölümü, Allah.
Al qandan torpaq da od tutdu, yandı,
Sən necə götürdün bu zülmü, Allah!

İnsan doğma yurdda sanki qəribdir,
Qanlı fəlakətin susmur fəryadı.
Kim ki, ölümlərə fərman veribdir,
Bu gün necə görən o, rahat yatır?

…Deyirlər, qaranlıq çökəndə yerə,
Astaca yarılır şəhidlər qəbri.
Sükutla gedirlər onlar evlərə,
Ssəhər sükutla da dönürlər geri.

Allah, şəhidlərim ölməz, müqəddəs,
Nuru məzar üstdə yandıran sənsən!
Sonra da əl tutub dinməz-söyləməz,
Onları evlərə aparan sənsən.

Onlar asta keçir çəndən, dumandan,
Boynuma dolanmır qolları əfsus,
Onlar ki, hər şeyi görür cahanda,
Biz isə görmürük onları, əfsus!

Yenə çıxsın Günəş, parlasın ulduz.
Necə tapdalandı ədalət, qanun!
…Ərşə çəkilmişdir bizim yuxumuz,
Siz ana torpaqda rahat uyuyun!

Bizim vicdanimiz, qeyrətimiz siz,
Sizə səcdə edir bir ulu millət!
Şəhidlər sizsiniz, şahidlərsə biz,
Rəhmət oxuyuruq sizlərə…rəhmət!

Dəmir Gədəbəyli – BU QƏM SƏNƏ SIĞMAZ DÜNYA!

Hər şəhid məzarı, bir dağ laləsi,
Ellərin gözündə yası yandırar!
Burda anaların ahı, naləsi,
Torpağı yandırar, daşı yandırar!

Nəqarət:

Haray gəzər, qəmli haray.
Düşmənindən azdı onlar!
Azərbaycan şöhrətini
Al qanıyla yazdı onlar!

Elləri saldılar qana, tufana,
Qaralar geyindi qızlar, gəlinlər!
Elə zülm etdilər Azərbaycana,
Əsirlər boyunca torpağım inlər!

Nəqarət:

Nişanlılar qan ağlasa,
Yağışların yağmaz dünya!
Dağılmağın gəlib çatıb
Bu qəm sənə sığmaz, dünya!

Nüsrət Kəsəmənli – Qar yağır Şəhidlər Xiyabanına

Qış uyuda bilmir bu oyaq qəmi,
Donub başdaşıtək bir dərdli ana,
Didilmiş gəlinlik paltarı kimi
Qar yağır Şəhidlər Xiyabanına.

Yorğun əsgərlərin yuxusu dərin,
Son sözü: “Bir içim sərin su verin!”
Örtür yarasını qar şəhidlərin,
Qar yağır Şəhidlər Xiyabanına.

Burda ağlayan kim, burda susan kim?
Bizlərdən məhəbbət umub, küsən kim?
Dən düşür torpağın saçına sanki,
Qar yağır Şəhidlər Xiyabanına.

Məmməd Aslan – Ağla, qərənfil, ağla

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!

Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

Xalq şairi Nəriman Həsənzadə – EY VƏTƏN!..

Qoca tarix, daha susma, millət qalxıb ayağa,
And içibdi uluların yaşadığı torpağa.
Mən yazıram bu günləri, sinəmdəki varağa,
Daha “qaçqın”, daha “köçkün” olmayacaq, ey Vətən!

Gəl, gəl deyir burda Ağdam, orda Laçın, Kəlbəcər,
Bizim qalib ordumuzu alqışlasın qoy bəşər.
Sevinəndə bir ürəyə bütün dünya yerləşər,
Hər meydanda alovlanır bir od-ocaq, ey Vətən!

Tufanlara sinə gərir neçə igid, nər cavan,
Hərəsi bir el gücüdür, mətin, cəsur, qəhrəman,
Dədə Qorqud ərlərinin sədasıdır bu dastan,
“Bir millətik, iki dövlət”,-deyib bu xalq,ey Vətən!

Yerin qədir-qiymətlidir şəhidlərin məzarı,
Bir qaladır, səninkidir, qoru bu şah hasarı.
Yadellinin, erməninin burda nədir azarı?!
Yaxın qoyma, yaxın gəlsə, yaxın uzaq, ey Vətən!

Kəsə bilməz qabağını nə bir qorxu, nə hədə,
Hünər göstər igid əsgər, yanındayıq-cəbhədə.
Nəsil-nəsil biz and içdik bu müqəddəs Məbədə,
Azərbaycan, ey üçrəngli şanlı bayraq, ey Vətən!

Xalq şairi Məmməd Araz – Səninləyəm

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə  bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!

Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.

Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.

Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

Xəlil Rza Ulutürk – Azadlıq həsrəti

Sən demə azadlıq aymış günəşmiş,
O aya o günə həsrət qalmışam.
Həyat səsli küylü bir keşməkeşmiş,
Doğma səsə ünə həsrət qalmışam.

Mənim o yerlərdə ayaq izim var,
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi firəngizim var,
Onun ağ üzünə həsrət qalmışam.

Ruhum meydanlara sığmayan alay,
Üç rəngli bayrağım qalx ucal haray.
Öpsün tellərini Xəlil, günəş, ay,
Mən sənin üzünə həsrət qalmışam.

Uzaq diyardayam daş qəfəsdəyəm,
Bir vətən ləhinə teşnə xəstəyəm,
Mənə görüş verin səfər üstəyəm,
Balamın gözünə həsrət qalmışam.

Çatdırın o gülə gülzara məni,
İtirsən o yerdə gəz ara məni,
Qürbəttə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.

Xəlil, sən qayasan dərdə dözərsən,
Sən kürsən, xan araz, göygöl xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.

Adil Babayev – Anam Azərbaycanım

Mən sənə həmişə “Anam” demişəm,
Ülfətin şirindir, nəfəsin ilıq.
İnan ki, bürüyər ürəyimi qəm,
Əgər aramıza düşsə ayrılıq.

Nəqarət:

Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən,
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətimdən.

Xəzərin, Göygölün, Arazın, Kürün,
Eşqini qoparmaq olmaz sinəmdən.
Neçə min həyatın neçə min ömrün,
Sevinci bəzəyi fərəhisən sən.

Sazın da, neyin də, incə tarın da,
Qocan da, gəncin də mənə əzizdir.
Zərif bayatında, mahnılarında,
Yaşayan eşqimiz, ürəyimizdir.

Xalq şairi  Cabir Novruz – Sevin Azərbaycanı!

 

Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…

Yaraları göynəyir, yaraları sızlayır,
Ey millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı…
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən…

O, bizim hamımızın həyacanı, harayı,
Bir də axı kim yanar ona bizdin savayı?..
O bizim ruhumuzda, o bizim qanımızda,
Yalnız biz keçməliyik uğrunda canımızdan.

Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı…
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı…

Dünyada vallah, belə talesiz millət olmaz,
Nə qədər saxlayanlar girov Azərbaycanı?..
Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!

Ona övlad payını bizlər verə bilmədik,
Heç iki obasını birləşdirə bilmədik.
Astara qovuşmadı doğma Astarasına,
Culfalıların bir məlhəm tapmadıq yarasına
Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı
Biz bacara bilmədik, ey gələcək nəsillər,
Ey gələcək nəsillər, barı təzə əsrdə,
Bir-birinə calayın, qatın, Azərbaycanı,
Köküm, soyum, soyadım, adım Azərbaycanı…

Haçandır öz-özündən aralı bir ölkədir,
Şəhidli bir ölkədir, yaralı bir ölkədir…
Az imiş, o təzədən bölünür, parçalanır,
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
Neçə yerə ayrılar, ya allahi, bir bədən?
Xırda bir məkan qalıb o boyda bir ölkədən…

Tamam bitər, tükənər belə getsə amandır,
Axı o bir zamanlar o nəhəng Azərbaycandı;
Zaman-zaman talayıb, biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.

Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,

O sizə çörək verib, nəzri-niyaz eyləyib,
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı…
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
Sevin Azərbaycanı!…

 

Məstan Günər – Şən Azərbaycan!
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan.

Nəqərat:

Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan.
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!
El qızları düzüm-düzüm Kür qırağında,
Min gül açır Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarlıdır,
Gen çölləri bu torpağın xoş baharlıdır.

Nəqərat:

Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan.
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan.
Hər damlası layla çalan göy Xəzərin var,
Hər ulduzu nəğmə olan min şəhərin var.
Keçdim yenə çiçək-çiçək hər mahalından,
Öz yurdumun doymaz ürək yüz vüsalından.

Nəqərat:

Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan.
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan.
Fuad Biləsuvarlı – ŞƏHİDLƏR!

O gecə qan axdı sellər əvəzi,
Gəldi silahların barıt nəfəsi.
Būrūdü şəhəri top-tüfəng səsi,
Düşmənin bağrını yardı şəhidlər!

Aləm bir-birinə dəymişdi o gūn,
Bakı qəm libası geymişdi o gün.
Xalqıma çox zərər dəymişdi o gün,
Düşməni döyüşdə yordu şəhidlər!

O gecə nə idi, yox idi soran,
Həqiqət yolunu kasmişdi boran.
Olsa da ürəklər xərabə-viran,
Düşməni gözündən vurdu şəhidlər!

Vətənə sevgisi hey aşıb-daşan,
Hayqırıb döyüşdə Nəbitək coşan,
Şəhidlik zirvəsin o gecə aşan,
Hər qəlbdə abidə qurdu şəhidlər!

İgidlər deyirlər biz ola-ola
Axı düşmən kimdi – yurdumu ala.
Dözmədi ürəyi yaralı qala,
Vətənin köksünü sardı şəhidlər!

Hazırladı: Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media