Azərbaycan.media xəbər verir ki, millət vəkili Vüqar İsgəndərov evlənən cütlüklərin narkotik testi arayışından keçməsi ilə bağlı müzakirələrə münasibət bildirib.
Son günlər mətbuatda və sosial şəbəkələrdə bu məsələ gündəmə gəlib. Türkiyədə artıq bu praktik addımlar atılır: qızlara elçi gedən bəy namizəddən narkotik testi tələb olunur. V. İsgəndərov qeyd edib ki, Azərbaycan qanunvericiliyində evlilik öncəsi tibbi müayinələr nəzərdə tutulub və gələcəkdə narkotik testinin də qanuna əlavə olunması mümkündür:
“Bizdə bu qanun var, sadəcə, ona əlavə olaraq bu testin də daxil edilməsi gələcəkdə qanun kimi qəbul oluna bilər. Qanunlar zamanla dəyişir, yeni tələblər və çağırışlar yeni qanunların yaranmasını diqtə edir”, – deyə millət vəkili bildirib.
O həmçinin gənclər arasında narkotik asılılığının artdığına diqqət çəkərək, dövlətin müalicə və reabilitasiya prosesində özəl mərkəzlərlə koordinasiyalı fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb. V. İsgəndərov bildirib ki, sağalmış şəxslərin cəmiyyətə reinteqrasiyası, əmək bazarında yer tapması və məşğulluğu dövlət üçün prioritet məsələlərdən biridir:
“Dövlət orqanları ilə QHT-lər, vətəndaş cəmiyyəti və özəl sağlamlıq müəssisələri koordinasiyalı şəkildə çalışmalıdır ki, nəticələr daha uğurlu olsun. Gələcəkdə ictimai müzakirələr, dəyirmi masalar və dinləmələr bu sahədə problemlərin həllinə kömək edə bilər.”
V. İsgəndərov qeyd edib ki, yeni qanun və ya əlavələr gənclərin sağlamlığı və ailə institutunun möhkəmləndirilməsi üçün önəmli addım olacaq.
Müəllif: Ülviyyə Şükürova
