Azərbaycan.media xəbər verir ki, Livanda anadan olmuş, ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçı Kardaş Onniq Qarabağ münaqişəsi dövründə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlər barədə yazdığı fikirlərlə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Kardaş Onniq 1982-ci ildə nənəsini xilas edən türklərin şərəfinə “Kardaş” adını götürüb. O, 2001-ci ildə işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin qondarma “mədəniyyət nazirliyi”nin dəvəti ilə Şuşaya gəlib və erməni diasporundan olan ilk rezident rəssam kimi burada bir neçə ay yaşayıb.
Yazıçı qeyd edir ki, Şuşada olduğu müddətdə həmvətənlərinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlar və qeyri-insani davranışlar onu dərin mənəvi sarsıntıya salıb. Onniqin sözlərinə görə, bu hadisələrdən sonra o, şəhəri təhlükəsizlik səbəbilə müşayiətçi ilə gəzməyə məcbur qalıb.
ABŞ-a qayıtdıqdan sonra Kardaş Onniq Qarabağda, xüsusilə Şuşada yaşadıqlarını “Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi” adlı kitabında qələmə alıb. Müəllif bu əsərdə erməni silahlı dəstələrinin mülki azərbaycanlılara qarşı törətdikləri cinayətlərin bəzi iştirakçılar tərəfindən “qəhrəmanlıq” kimi təqdim edilməsini kəskin tənqid edir.
Onniq kitabına görə həm ailəsi daxil olmaqla bir qrup erməni tərəfindən “xain”, digərləri tərəfindən isə “həqiqəti yazan nadir erməni müəlliflərdən biri” kimi qiymətləndirilib. O, uzun illər Ermənistanın sabiq rəhbərləri Robert Köçəryan və Serj Sərkisyanın fəaliyyətini, eləcə də Qarabağda baş vermiş cinayətləri tənqid etdiyinə görə Ermənistanda “vətən xaini” elan olunduğunu və təqiblərə məruz qaldığını bildirir.
Müəllifin sözlərinə görə, Şuşa işğal edildikdən sonra şəhər sistemli şəkildə qarət olunub, evlərdən yalnız qiymətli əşyalar deyil, hətta tikinti materialları belə aparılıb. O, həmçinin erməni komandirlərinin əsgərlərə azərbaycanlıları insan kimi deyil, məhv edilməli obyektlər kimi təqdim etdiklərini vurğulayır.
“Oraya erməni vətənpərvəri kimi getmişdim, amma gördüklərimdən sonra qayıdanda bütün ideologiyalara şübhə ilə yanaşmağa başladım. Bizə illərlə nifrət aşılanmışdı. Qarabağda isə gördüm ki, ‘qəhrəman’ adlandırılanlar əslində cinayət törədənlərdir”, – deyə Kardaş Onniq yazır.
Yazıçı kitabı yazmaqda məqsədinin həqiqəti gizlətməmək olduğunu bildirərək qeyd edir ki, susmaq və rahat yaşamaq imkanı olsa da, gördükləri ona buna imkan verməyib. Onniq hesab edir ki, bu həqiqətlər erməni cəmiyyətində də oxunmalı və müzakirə olunmalıdır.
