🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisin Mədəniyyət komitəsində “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər müzakirə edilib

Azərbaycan.media xəbər verir ki, yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclasda “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Müzakirələr zamanı Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edib. Deputat bildirib ki, gündəlikdə yer alan məsələlər ölkənin mədəni inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasını milli mədəniyyətimizin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm və vaxtında qəbul olunmuş strateji sənəd kimi qiymətləndirib. Elnarə Akimova Konsepsiyanın mədəniyyəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi təqdim etdiyini, milli kimliyin qorunması ilə müasir inkişafın uzlaşdırılmasını prioritet hədəf kimi müəyyən etdiyini vurğulayıb və bu uzaqgörən yanaşmaya görə dövlət başçısına təşəkkürünü ifadə edib.

“Kinematoqrafiya haqqında” Qanuna təklif olunan dəyişikliklərə toxunan deputat yeni qanunda maliyyə və stimullaşdırma mexanizmlərinin daha dəqiq şəkildə müəyyənləşdirilməsinin, dövlət dəstəyinin iqtisadi alətlərinin aydınlaşdırılmasının məqsədəuyğun olacağını bildirib. Onun sözlərinə görə, bu yanaşma kino istehsalçıları və yaradıcı kollektivlər üçün daha sabit və proqnozlaşdırılan mühitin formalaşmasına imkan yarada bilər.

Elnarə Akimova milli kadr hazırlığı məsələsinə də diqqət çəkərək qeyd edib ki, xaricdən mütəxəssislərin cəlb olunması müsbət haldır, lakin əsas məqsəd yerli rejissorların, gənc kino xadimlərinin irəli çəkilməsi və onlara etimad göstərilməsi olmalıdır.

Deputat çıxışında yerli animasiya və cizgi filmlərinin istehsalının vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, yerli cizgi filmlərinin azlığı uşaqların başqa ölkələrin mədəniyyət və dəyərlər sistemi üzərində formalaşmasına səbəb olur. Onun sözlərinə görə, başqa ölkələrin auditoriyası üçün nəzərdə tutulan animasiya məhsulları milli ruhun, dil anlayışının və düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərə bilər.

Elnarə Akimova sənədli kino sahəsinə toxunaraq xatırladıb ki, bir vaxtlar Prezident İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəmanlara həsr olunmuş filmlər çəkilib. Deputat qeyd edib ki, bu gün də Vətən müharibəsi qəhrəmanları, II Qarabağ müharibəsində həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında sənədli filmlərin hazırlanmasına ciddi ehtiyac var. Onun fikrincə, bu sahədə müəyyən addımlar atılsa da, işlər daha sistemli, konseptual və peşəkar şəkildə aparılmalıdır.

Bu kontekstdə “İctimai Televiziya” və “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Görünməyən qəhrəmanlar” silsilə filmləri Zəfərimizin qəhrəmanlarının tanıdılması baxımından uğurlu nümunə kimi dəyərləndirilib.

Deputat həmçinin Böyük Qayıdış proqramı çərçivəsində bərpa olunan yurd yerlərinin bədii və sənədli filmlər vasitəsilə gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Azərbaycan.media