🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Böyük Britaniyada 16 yaşadək uşaqlar üçün sosial mediaya qadağa gündəmdədir

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya hökuməti uşaqların və yeniyetmələrin sosial media istifadəsini məhdudlaşdırmaq, eləcə də məktəblərdə smartfon qadağalarının tətbiqini gücləndirmək məqsədilə geniş məsləhətləşmələrə başlayacağını açıqlayıb.

Bu barədə “The Guardian” qəzeti hökumətə yaxın mənbələrə istinadən yazıb. Bildirilir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqların və yeniyetmələrin sosial media platformalarından istifadəsinin qadağan olunması imkanını nəzərdən keçirir.

Məlumatda qeyd olunur ki, hökumət uşaqların onlayn mühitdə təhlükəsizliyini artırmaq və gənclərin rifahını qorumaq məqsədilə sosial media istifadəsi ilə bağlı məsləhətləşmələr aparacaq, eyni zamanda məktəblərdə mobil telefonlardan istifadəyə qadağaların tətbiqini gücləndirəcək.

Səlahiyyətli qurumlar sosial media üçün minimum yaş həddinin müəyyənləşdirilməsini müzakirə edəcək, bu cür məhdudiyyətləri artıq tətbiq etmiş ölkələrin təcrübəsini qiymətləndirəcək, həmçinin yetkinlik yaşına çatmayanlar üçün uyğun olmayan məzmuna nəzarət mexanizmlərini və həddindən artıq sosial media istifadəsinin qarşısının alınması yollarını araşdıracaq.