Hər il bu günü dəhşət içində xatırlamamaq mümkün deyil. 1990-cı il yanvarın 19-u həftənin cümə gününə düşmüşdü. Günortaya yaxın radiodan xəbər gəldi ki, hamı evinə getsin. Biz də hazırlaşıb işdən çıxanda, demək olar ki, AzTV-də adam qalmamışdı.
Rəhmətlik Maya xanımla idarənin əsas qapısından çıxanda xiyabandan üzüyuxarı – bizim binaya, Ali Sovetin binasına tərəf (o gecə şəhid olmuş) cavan uşaqlar gəlirdi.
Havada vertolyotlar uçur, yerə çoxlu vərəqələr atılırdı. Səs-küydən qulaq tutulurdu. Biz cavanların qabağını kəsib: “Getməyin, ay bala, qayıdın, deyirlər çox pis iş olacaq”, – desək də, nə sözümüzə qulaq asan oldu, nə də fikir verən. Biz bunu desək də, baş verəcəkləri ağlımıza belə gətirmirdik…
Xiyabanın qabağı 123 nömrəli avtobusun son dayanacağı idi. Sürücü 20–25 yaşlarında cavanca bir oğlan idi. Hamıya tələsik dedi: “Tez olun, minin, metroyadək gedirəm, sonra yenə qayıdacağam. Buradan uzaqlaşmaq lazımdır. 2–3 gündür gecə də evə getmirəm, çox yorğunam, tez olun”.
Sürücü heç kimdən pul almadan bizi “Elmlər Akademiyası”nda düşürdü və yenidən xiyabana qayıtdı…
Sonrakı günlərdə Şəhidlər xiyabanında məzarlardan birinin üzərində həmin cavan sürücünün şəklini görəndə dəhşətə gəldim… Onun sürdüyü, sərnişinlə dolu avtobusu gülləboran etmişdilər… Avtobusun tanınmaz hala düşmüş şəkli o vaxt “Səhər” qəzetində də çap olunmuşdu.
O gün sürücü kimi nə qədər cavan oğlan beləcə şəhid oldu…
Uşaqlar ata evimizdə idilər deyə mən də ora getdim. Rəhmətlik anamın ili çıxmadığı üçün atam və kiçik bacım tək qalmasın deyə biz bacılar növbə ilə orada qalırdıq. Həmin gün rəhmətlik atam zəng edib demişdi: “Ay bala, şəhər qarışıqdı, hamınız bizə gəlin, bir yerdə olaq”. Biz də ailəlikcə ora yığışdıq. Təkcə rəhmətlik Natiq əvvəl qardaşıoğlugilə, sonra bacısıgilə getmişdi. Komendant saatına düşdüyü üçün elə onlardaca qaldı.
Pəncərəmiz İnşaatçılar prospektinə baxırdı. Axşamüstü idi, hava qaralmışdı. Pəncərədən üstüörtülü maşınlardan çoxlu əlitüfəngli əsgərlərin düşdüyünü gördük. Düşən kimi üzüyuxarı, “Olimp” tərəfə getməyə başladılar. Gedə-gedə binaları gülləyə tuturdular. Bacım uşaqları sakitləşdirmək üçün güllələrin boş olduğunu, camaatı qorxutmaq məqsədi daşıdığını deyirdi. Amma sonrakı günlərdə neçə-neçə binada güllə izlərini gördük…
Yoldan qaça-qaça keçib Muşfiqin bağına tullanan cavanları görəndə yuxarıdan səsləndim: “Ay bala, nə olub, nə xəbərdi?”
Dedilər: “Vallah, özümüz də baş açmırıq, əsgərlər camaata güllə atırlar”. Elə bu vaxt Maya xanım zəng edib dedi: “Pəncərənin qabağından çəkilin. Qonşumuzun oğlu Azad səs-küyə çıxanda əsgərlər onu balkondaca güllələdilər”. (Maya xanım “Olimp” mağazasının üstündə qalırdı.)
O gecəni dirigözlü açdıq. Səhər tezdən rəhmətlik Natiq gəldi. Ağlaya-ağlaya neçə-neçə cavanımızın şəhid olduğunu, neçə insanın yaralandığını danışdı. Yolda əsgərlərin onu saxlayıb ciblərini axtardığını, küçələrin qana boyandığını, insanların qanlı gölməçələri qərənfillə əhatəyə aldığını, güllələrin yerinə gül düzdüklərini dəhşət içində söylədi…
O gündən aylarla Şəhidlər xiyabanı dolub-boşaldı. Bağça uşaqlarından tutmuş əli əsalı qocalara qədər hamı ora axışdı. Cavanlar toy günlərində yollarını Şəhidlər xiyabanından saldı, Fərizə ilə İlhamın məzarı önündə bir-birlərinə sahib çıxacaqlarına and içdilər…
Müəllif: Zümrüd Səfərova
Mənbə: Azərbaycan.media
