🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda və bölgələrdə soyuq, sulu qar və qar yağacağı gözlənilir

Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə yağıntının intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, havanın temperaturu gecə və gündüz 0–3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 766 mm civə sütunu, nisbi rütubət isə 75–85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Yağıntı sulu qar və qar şəklində olacaq, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, qərb küləyi isə ayrı-ayrı rayonlarda arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 2–6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə gecə 8–13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13–18 dərəcə şaxta, gündüz isə 3–8 dərəcə şaxta olacaq.

Xəbərdarlığa görə, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimalı var.