🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yanvarın 19–25-də güclü və şiddətli geomaqnit qasırğası ehtimalı var

Azərbaycan.media xəbər verir ki, yanvarın 19-dan 25-dək Yer kürəsində şiddətli geomaqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1–R2) sinif alışmanın ehtimalı 65 faiz, X (R3) sinif alışmanın ehtimalı isə 20 faiz təşkil edir.

Məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən artacağı, 10 MeV-dən artıq enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Qeyd olunub ki, Günəş küləyinin sürəti müsbət qütblü Tac Dəliyi Axınlarının (TDA) və gözlənilən TKA-nın təsiri ilə yüksələcək.

Avroraların müşahidə olunma ehtimalı yüksək geomaqnit enliklərdə 10–50 faiz, orta geomaqnit enliklərdə isə 1–35 faiz arasında qiymətləndirilir.

Proqnoza əsasən, geomaqnit sahəsinə müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, eləcə də 18 yanvarda baş vermiş X1.95 sinifli alışma ilə bağlı TKA-nın 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.