🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat imzalayıb.

Bəyanatda qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsini və müstəqillik tələblərini zorakılıq yolu ilə boğmaq məqsədilə mülki əhaliyə qarşı hərbi müdaxilə həyata keçirilib. Bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, eləcə də insan hüquqlarına dair digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulduğu vurğulanıb.

Bildirilir ki, kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiq edilməsi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb. Bununla da beynəlxalq hüquq normaları ilə yanaşı, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının müvafiq müddəaları kobud şəkildə pozulub.

Bəyanatda qeyd olunub ki, dinc əhaliyə qarşı xəbərdarlıq edilmədən və real təhlükə olmadan hərbi güc tətbiqi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və fövqəladə vəziyyətlərdə belə qorunmalı olan mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu bir daha təsdiqləyir.

Ombudsman vurğulayıb ki, həmin dövrdə 20 Yanvar faciəsinə ən ciddi siyasi-hüquqi qiyməti xalqımızın Moskvada yaşayan Ulu Öndəri Heydər Əliyev verib. Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək bu ağır cinayəti açıq şəkildə pisləməsi və məsuliyyətin birbaşa keçmiş SSRİ rəhbərliyinin üzərinə düşdüyünü bəyan etməsi mühüm tarixi əhəmiyyət daşıyır.

Bəyanatda həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulmasına və cəzasızlıq mühitinin formalaşmasına səbəb olub.

İnsan Hüquqları üzrə Müvəkkil bildirib ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, eləcə də təkcə icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin olunması ədalətin bərpası baxımından zəruridir.

Sonda Ombudsman beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə və 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətin verilməsi istiqamətində əməkdaşlığa çağıraraq vurğulayıb ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.