🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pərvanə Vəliyeva: “Narkotik testinin nigah müayinələrinə daxil edilməsi müsbət addım olar”

Azərbaycan.media xəbər verir ki, müasir dövrdə ailə institutunun zəifləməsi cəmiyyətin əsas problemlərindən biri kimi qiymətləndirilir. Bu proses Azərbaycanda da müşahidə olunur və ailə dəyərlərinə mənfi təsir göstərən əsas amillərdən biri kimi narkomaniyanın yayılması ön plana çıxır.

Millət vəkili Pərvanə Vəliyeva Stopnarkotik.az-a açıqlamasında bildirib ki, dövlət narkotik ticarəti və narkomaniyaya qarşı ardıcıl və prinsipial mübarizə aparsa da, bu problemin cəmiyyətə vurduğu zərər hələ də aktual olaraq qalır. Onun sözlərinə görə, bu hal təkcə Azərbaycana xas deyil, bir çox ölkələr oxşar çətinliklərlə üz-üzədir.

Deputat qeyd edib ki, narkomaniyanın geniş yayıldığı ölkələrdən biri olan Türkiyədə bu riskin qarşısını almaq üçün ailələr tərəfindən qabaqlayıcı addımlar atılır və yeni ailə quracaq şəxslərdən narkotik testinin nəticəsi tələb olunur. Bu praktikanın Azərbaycanda da müzakirə mövzusu olmasının təbii olduğunu vurğulayan Pərvanə Vəliyeva bildirib ki, hazırda qanunvericilikdə evlənən şəxslər üçün tibbi müayinələr nəzərdə tutulsa da, narkotik testi bu siyahıya daxil deyil.

Onun fikrincə, sağlamlıq arayışının tərkibinə narkotik testinin də əlavə olunması müsbət addım ola bilər:
“Nigaha daxil olduqda İİV/QİÇS, viruslu hepatitlər, talessemiya kimi xəstəliklər üzrə müayinələr tələb olunur. Narkotik testi də bu siyahıya daxil edilərsə, həm fərdlərin, həm də cəmiyyətin hüquqları qorunmuş olar”.

Millət vəkili xatırladıb ki, dövlət qulluğuna qəbul zamanı və bir sıra iş yerlərində artıq narkoloji mərkəzdən arayış tələbi mövcuddur. Bu baxımdan, mövzunun aktuallığı nəzərə alınaraq, nigah müayinələrinə narkotik testinin daxil edilməsi gələcəkdə sağlam ailələrin qurulmasına töhfə verə bilər.

Bununla belə, Pərvanə Vəliyeva xüsusi olaraq vurğulayıb ki, bu yanaşma tam sağalmış şəxslərin hüquqlarını məhdudlaşdırmamalıdır:
“Bu, artıq asılılığı olmayan, tam sağalmış şəxslərin ailə qurmaq hüququna mane olmamalıdır. Əksinə, belə insanların cəmiyyətə reinteqrasiyasını dəstəkləyən addımlar atılmalıdır”.

Deputat əlavə edib ki, asılılıqdan əziyyət çəkmiş şəxslər işlə təmin olunmazdan öncə beynəlxalq normalara uyğun reabilitasiya mərhələsindən keçməlidirlər. Onun sözlərinə görə, tibbi de-toksikasiya başa çatdıqdan sonra psixoloji dəstəyi də əhatə edən reabilitasiya prosesi həyata keçirilməli, yalnız bundan sonra həmin şəxslərin cəmiyyətə reinteqrasiyası təmin olunmalıdır.

Pərvanə Vəliyeva hesab edir ki, bu prosesdə qeyri-hökumət təşkilatları, media və ailələr aktiv rol oynamalıdır:
“Cəmiyyətə mesajımız belə olmalıdır ki, sağalmış şəxslərə ikinci şans verilməlidir”.

Müəllif: Ülviyyə ŞÜKÜROVA