Azərbaycan.media xəbər verir ki, Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə milli komandalarının üzvləri İdman Akademiyasında yerləşən, ən müasir avadanlıqlarla təchiz olunmuş İdman Tibbi Tədqiqatları Laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, xüsusi aparatlar vasitəsilə idmançıların güc və dözümlülük göstəriciləri, oksigenin mənimsənilməsi əmsalı, bədəndə fəallıq və yağlılıq faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişaf səviyyəsi təhlil olunub. İdman üçün vacib hesab edilən bütün göstəricilər ölçülərək qiymətləndirilib və hər bir güləşçinin orqanizminin mövcud vəziyyəti ilə bağlı məşqçilər korpusuna praktik məlumatlar təqdim edilib.
Bununla yanaşı, milli üzvləri psixoloji testlərdən də keçiblər. Psixoloji qiymətləndirmə idmançıların zəif tərəflərini müəyyənləşdirməyə imkan verib.
Qeyd edilib ki, bu laboratoriyada testlərin aparılması hər bir milli komanda üzvünün fiziki və psixoloji durumunun optimal şəkildə təhlilinə, dəqiq diaqnozun qoyulmasına, eləcə də təlim-məşq toplanışları zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə şərait yaradır.
