🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cəmilənin iddialarına Niyaməddin Musayevdən cavab: “Burada pis nə var ki?”

Azərbaycan.media xəbər verir ki, “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilənin Xalq artisti Niyaməddin Musayevlə bağlı səsləndirdiyi fikirlər son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Cəmilə açıqlamasında müğənnilər üçün əsas qazanc imkanlarının daha çox gecə məkanları ilə bağlı olduğunu bildirib. O, Niyaməddin Musayevin də gecə klublarında çıxış etdiyini qeyd edərək, müğənnilərin pul qazanmaq məcburiyyətində olduqlarını vurğulayıb.

Məsələ ilə bağlı Modern.az Xalq artisti Niyaməddin Musayevin mövqeyini öyrənib. O, açıqlamasında deyilən fikirlərdə hər hansı qəbahət görmədiyini bildirib.

Xalq artisti qeyd edib ki, müxtəlif məkanlarda şou proqramların keçirilməsi normal haldır və dəvət olunduğu yerlərə çıxış etməsi təbiidir. Onun sözlərinə görə, əgər hansısa məkanda qanunsuz və ya uyğun olmayan vəziyyət olsaydı, buna dövlət tərəfindən yol verilməzdi.

Niyaməddin Musayev vurğulayıb ki, həmin məkanlarda əsasən onu sevən və görmək istəyən gənclər, eləcə də orta yaşlı insanlar toplaşır. O, uzun illərdir nüfuzunu qoruduğunu, uyğun olmayan mühitdə heç vaxt çıxış etməyəcəyini bildirib.

Xalq artisti həmçinin qeyd edib ki, bu cür dəvətləri təkcə o deyil, bir çox tanınmış sənətçilər də alır. Onun fikrincə, məsələ süni şəkildə şişirdilir, televiziya və sosial mediada bəzi sözlər kontekstdən çıxarılaraq reytinq naminə təqdim olunur.

Sonda Niyaməddin Musayev 60 ilə yaxındır xalq üçün oxuduğunu xatırladaraq, kiminsə söylədiyi bir fikrin şouya çevrilməsinin düzgün olmadığını bildirib.