Azərbaycan.media xəbər verir ki, Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən “MESOB” dövlət xidməti mərkəzində olub.
Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb.
Məlumat verilib ki, “ASAN xidmət” modeli əsasında yaradılan “MESOB” vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədi daşıyan müasir “bir pəncərə” platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən “MESOB” dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Qeyd edilib ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə, COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilən görüşdə Efiopiya tərəfi ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.
Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, “ASAN xidmət” modelinin ölkədə tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri hazırlayıb, həmçinin mərkəzlərdə istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri işləyib və xidmətlərin vahid standartını müəyyən ediblər.

