Azərbaycan.media xəbər verir ki, SDQ/YPG terror təşkilatı İsraildən Suriyadakı kürdlər adından Suriya ordusuna qarşı hava hücumları həyata keçirməsini istəyib.
Təşkilatın liderlərindən Sipan Hamo “Reuters”ə müsahibəsində bildirib ki, Suriya ordusunun Fəratın qərb və şərq hissəsində sürətli irəliləməsi kürdlər arasında narahatlıq yaradıb. Hamo vurğulayıb ki, Suriyadakı kürdlər ayrılmaq və ya müstəqil dövlət qurmaq niyyətində deyillər:
“Gələcəyimiz Suriyadadır. Ən böyük ümidimiz koalisiya və ABŞ tərəfindən konkret nəticənin əldə edilməsidir”, – deyə o qeyd edib.
O, ABŞ-dan təhlükəsizlik zəmanəti istədiyini bildirib:
“Qəbul edirik ki, Vaşinqton illərdir davam etdirdiyi kürd qüvvələri ilə müttəfiqliyini prezident Əhməd Əl Şaraanın rəhbərlik etdiyi Suriya hökumətinə dəstəyi ilə balanslaşdırır. Lakin kürdlərin baş verən dəyişikliklərlə bağlı narahatlıqları nəzərə alınmalı və ABŞ bizə müdafiə zəmanəti verməlidir. Hazırda Suriyada baş verən hər şeyin məsuliyyəti Qərb ölkələrinin, xüsusən də ABŞ-ın üzərindədir”, – Hamo deyib.
Hamo əlavə edib ki, kürdlər digər dövlətlərdən, o cümlədən İrandan və Rusiyadan dəstək almırlar və İsraili bölgədə güclü bir dövlət olaraq tanıyırlar:
“Ümid edirik ki, İsrail də Suriyadakı kürdlər adından müdaxilə edəcək”, – o vurğulayıb.
