🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ombudsman “Qurtuluş” reabilitasiya mərkəzində monitorinq keçirib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində fəaliyyət göstərən İşçi Qrup çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri göstərən “Qurtuluş” reabilitasiya mərkəzində monitorinq aparılıb.

Ombudsman Aparatından bildirilib ki, monitorinqin məqsədi mərkəzdə saxlanma şəraitinin, rəftar məsələlərinin araşdırılması, eləcə də reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Monitorinq zamanı mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə prosesi, qidalanma, tətbiq edilən reabilitasiya proqramları, rəftar məsələləri və müraciət etmək hüququ ilə bağlı müəssisənin rəhbərliyi və əməkdaşları ilə müzakirələr aparılıb.

Həmçinin mərkəzin yataqxanasına, yeməkxanasına, ibadət otaqlarına, inzibati hissəsinə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya prosesi keçən bir neçə şəxs könüllü və konfidensial qaydada qəbul edilib.

Bildirilib ki, monitorinq çərçivəsində reabilitasiya prosesində olan şəxslərin məxfiliyinə və şəxsi həyatına hörmət prinsiplərinə riayət olunması məsələləri də araşdırılıb. Qeyd olunub ki, bu şəxslər barədə məlumatların ictimailəşdirilməsi yalnız onların könüllü razılığı əsasında mümkündür.

Məlumatda vurğulanıb ki, reabilitasiya mərkəzlərinin fəaliyyəti Ombudsmanın daim diqqət mərkəzindədir. Bu istiqamətdə monitorinqlərin davam etdirilməsi, nəticələr əsasında aparılan təhlilin yekunlaşdırılması, müvafiq təklif və tövsiyələrin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunması nəzərdə tutulur.

Eyni zamanda, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyətinə müntəzəm nəzarətin təmin edilməsi, qanunvericiliyin və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunmasının vacibliyi qeyd edilib.