🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Binəqədidə yataqxanada yanğın: 13 məcburi köçkün ailəsinə ziyan dəyib

Azərbaycan.media xəbər verir ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin 1 №-li yataqxanasında baş verən yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəyib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Bildirilib ki, yanğın barədə məlumat daxil olan kimi komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə cəlb olunub.

Komitədən qeyd olunub ki, ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşən ailələrin müvəqqəti yerləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür.

Bundan əlavə, yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin qısa zamanda təmir ediləcəyi bildirilib.