Azərbaycan.media xəbər verir ki, Azərbaycanda yanvarın 17-si gündüz saatlarından 22-dək hava şəraitinin yenidən yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova açıqlama verib. Onun sözlərinə görə, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşəcəyi ehtimal olunur, bəzi ərazilərdə şimal-qərb küləyi güclənəcək.
Gülnarə Abbasova bildirib ki, göstərilən müddətdə Bakıda və Abşeron yarımadasında da hava yağıntılı olacaq, yağıntılar əsasən sulu qar şəklində müşahidə ediləcək.
Qeyd olunub ki, havanın temperaturu ölkə üzrə əvvəlki günlərlə müqayisədə tədricən 5–8 dərəcə enəcək. Minimal temperatur Bakıda və Abşeron yarımadasında 0–2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5–10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 15–20 dərəcə şaxta təşkil edəcək.
Məlumata görə, dağlıq və dağətəyi rayonlarda bəzi avtomobil yollarında buzlaşma gözlənilir.
