Azərbaycan.media xəbər verir ki, son aylarda virus və bağırsaq infeksiyalarının artması cəmiyyətdə narahatlıq yaradıb. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Oxu.Az-a açıqlamasında virusların klinik gedişi və mutasiyaları ilə bağlı məsələlərə aydınlıq gətirib.
O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar əsasən payız-qış aylarında fəsillilik xarakteri daşıyır. Havanın soyuması, quru hava, gün işığının azalması, vitamin D və digər qida maddələrinin çatışmazlığı insan immunitetini zəiflədərək yoluxmanın artmasına səbəb olur.
Hazırda ən çox yayılan infeksiya mövsümi A qripidir və fevral ayında onun pik dövrü müşahidə olunur. Eyvazov qeyd edib ki, A qripi əvvəlki illərdə rast gəlinən qrip viruslarına nisbətən daha ağır xəstəlik törətmir, lakin risk qrupuna daxil olan şəxslərdə – uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlarda – infeksiya daha ağır və fəsadlı keçə bilər.
Mütəxəssis bildirib ki, qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir və bu, virusların qazanılmış immunitetdən qismən yayınmasına səbəb olur, lakin köklü dəyişiklik və yeni ştam yaranmır.
Qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq simptomları ilə müşayiət oluna bilər. Bunlara uşaqlarda qrip, adenovirus, rotavirus və digər viruslar daxildir. Eyvazov vurğulayıb ki, risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidir. Xüsusilə qrip zamanı hərarətin üç gündən artıq davam etməsi, rotavirus infeksiyasına yoluxmuş uşaqlar üçün isə mütləq həkim məsləhəti tələb olunur.
