Azərbaycan.media xəbər verir ki, Fələstin Qəzza İdarəetmə Komitəsi tam şəkildə yaradılıb. Bu barədə “Report” Misir Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur: “Misir, Qətər və Türkiyə Qəzzada idarəetmə məsələləri ilə məşğul olacaq Fələstin İdarəetmə Komitəsinin yaradılmasını alqışlayır. İnzibati orqana Əli Əbdül Həmid Şaat rəhbərlik edəcək.”
Vasitəçilər ümid edirlər ki, komitənin yaradılması Fələstin anklavında atəşkəs barədə razılaşmanın ikinci mərhələsinə keçməyə kömək edəcək və yeni eskalasiya riskinin qarşısını alacaq.
Qeyd olunur ki, Şaat Qəzzanın cənubunda yerləşən Xan Yunisdəndəndir, lakin hazırda Qərb Sahilində yaşayır. O, Fələstin Milli Administrasiyasında bir sıra yüksək vəzifələrdə çalışıb və siyasi, eləcə də iqtisadi infrastrukturun yenidən qurulması üzrə təcrübəli mütəxəssis hesab olunur.
