🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ 75 ölkənin vətəndaşları üçün viza müraciətlərini müvəqqəti dayandırır

Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, qərar yanvarın 21-dən qüvvəyə minəcək. Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi isə hələlik açıqlanmayıb. Qərar geniş coğrafiyanı əhatə edir və siyahıya Rusiyadan İrana, Braziliyadan Somaliyə qədər müxtəlif ölkələr daxil edilib. Həmin siyahıda Azərbaycanın da adı yer alır.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott bildirib ki, sözügedən ölkələrdən immiqrasiya müraciətləri Dövlət Departamentinin immiqrasiya nəzarəti prosedurlarına yenidən baxılması dövründə dayandırılacaq. Onun sözlərinə görə, məqsəd sonradan sosial təminat və dövlət güzəştlərindən istifadə edə biləcək xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaqdır.

Açıqlanan siyahıya Əfqanıstan, Albaniya, Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Braziliya, Kuba, Misir, Gürcüstan, Haiti, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Liviya, Moldova, Mərakeş, Nigeriya, Pakistan, Rusiya, Somali, Sudan, Suriya, Tunis, Özbəkistan və Yəmən də daxil olmaqla ümumilikdə 75 ölkə daxildir.

Qərarın humanitar, tələbə və iş vizalarına necə təsir göstərəcəyi, həmçinin hər hansı istisnaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı ABŞ rəsmiləri hələlik əlavə açıqlama verməyiblər.