Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin ilin əvvəlində yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibələr artıq ölkənin daxili və xarici siyasət gündəmini müəyyən edən mühüm platformaya çevrilib. Dövlətimizin başçısının media nümayəndələri ilə bu formatda görüşləri beynəlxalq münasibətlərin mövcud vəziyyətini, Azərbaycanın qlobal miqyasda rolunu, eləcə də xarici və daxili prioritetləri əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin son müsahibəsində xüsusi diqqət çəkən əsas mövzulardan biri yaşıl enerji olub. Politoloq bildirib ki, dövlət başçısının açıqlamaları göstərir: yaşıl enerji artıq yalnız ekoloji çağırışlara cavab vermək vasitəsi deyil, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artırılması, strateji müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq sistemdə mövqelərinin gücləndirilməsi baxımından əsas amillərdən birinə çevrilib. Bu sahəyə yatırılan investisiyalar və reallaşdırılan layihələr enerji siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Y.Hacızadə qeyd edib ki, qlobal enerji böhranları, geosiyasi qarşıdurmalar və iqlim dəyişiklikləri fonunda Azərbaycan öz enerji strategiyasını çevik və uzaqgörən şəkildə formalaşdırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə külək enerjisi üzrə Azərbaycanın potensialı 150 giqavatdan çoxdur. Bu göstərici bir sıra Avropa ölkələrinin ümumi enerji istehsal gücünü üstələyir və Azərbaycanın uzunmüddətli perspektivdə qlobal yaşıl enerji xəritəsində mühüm mərkəzə çevrilə biləcəyini təsdiqləyir.
Politoloqun sözlərinə görə, yaşıl enerji sahəsində real layihələrin icrası artıq konkret nəticələr verir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyasının inşa edilməsi Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Yanvarın 8-də istifadəyə verilən 240 meqavatlıq ikinci Günəş elektrik stansiyasına investisiya qoyan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə regionun aparıcı enerji oyunçularındandır. bp tərəfindən Cəbrayıl rayonunda inşa edilən 240 meqavat gücündə üçüncü stansiya isə azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi strategiyasının praktik təzahürüdür.
Y.Hacızadə vurğulayıb ki, Çin və Türkiyə şirkətlərinin də bu prosesə maraq göstərməsi Azərbaycanın yaşıl enerji siyasətinin təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıdığını sübut edir. Müxtəlif qütbləri təmsil edən dövlətlərin şirkətlərinin Azərbaycanda eyni enerji platformasında birləşməsi ölkənin balanslı və müstəqil xarici siyasətinin nəticəsidir.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin müsahibəsində ön plana çəkilən mühüm məqamlardan biri də enerji sisteminin institusional və texniki baxımdan gücləndirilməsidir. Dənizdə və quruda, o cümlədən azad edilmiş ərazilərdə Günəş və külək elektrik stansiyalarının xəritəsinin təsdiqlənməsi planlı dövlət siyasətinin göstəricisidir. 2030-cu ilə qədər 6 min meqavat, 2032-ci ilə qədər isə əlavə 8 min meqavat yaşıl enerjinin milli enerji sisteminə inteqrasiyası ciddi struktur islahatları tələb edir. Bu proses yeni stansiyaların tikintisi ilə yanaşı, ötürücü xətlərin, yarımstansiyaların və ümumi enerji infrastrukturunun əsaslı yenilənməsini nəzərdə tutur. Yaşıl enerjinin fasiləli xarakteri nəzərə alınaraq batareya saxlanc sistemlərinin qurulması da strateji zərurət kimi qiymətləndirilir. Artıq dövlət xətti ilə 250 meqavat gücündə ilk batareya sistemlərinin quraşdırılması bu istiqamətdə mühüm addım hesab olunur.
Y.Hacızadə əlavə edib ki, qısamüddətli hədəf 8 giqavat enerji istehsalı olsa da, Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanın uzunmüddətli perspektivdə 20, 30, hətta 40 giqavat enerji qəbul və ötürmə gücünə malik regional və qlobal enerji mərkəzinə çevrilməyi planlaşdırdığını göstərir.
Onun sözlərinə görə, yaşıl enerji Azərbaycanın iqtisadi strukturunu köklü şəkildə dəyişmək potensialına malikdir. Neft və qaz gəlirlərindən asılılığın mərhələli şəkildə azalması, enerji ixracının yeni formatda genişlənməsi və daxili bazarın ucuz və dayanıqlı enerji ilə təmin olunması sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının inkişafına güclü təkan verəcək. Eyni zamanda, bu layihələr minlərlə yeni iş yerinin yaradılmasına və regionların iqtisadi fəallığının artmasına imkan yaradacaq.
Politoloq vurğulayıb ki, Azərbaycan artıq yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də yaşıl enerji tərəfdaşı kimi qəbul olunur. Bu status ölkənin Avropa İttifaqı, Yaxın Şərq və Asiya dövlətləri ilə münasibətlərində əlavə siyasi və iqtisadi imkanlar formalaşdırır, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş imicini gücləndirir.
Y.Hacızadənin fikrincə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən tezislər açıq şəkildə göstərir ki, yaşıl enerji Azərbaycanın gələcək inkişaf strategiyasının mərkəzində dayanır. Bu, qısamüddətli layihələr toplusu deyil, ölkənin iqtisadi, siyasi və geosiyasi gücünü möhkəmləndirən sistemli dövlət siyasətidir. Bu kursla Azərbaycan təkcə regionda deyil, daha geniş coğrafiyada enerji gündəmini formalaşdıran əsas aktorlardan birinə çevrilməkdədir.
