Azərbaycan.media xəbər verir ki, qanazlığı zamanı solğunluq müşahidə oluna bilsə də, bu əlamət təkbaşına diaqnoz üçün əsas hesab edilmir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov səsləndirib. Onun sözlərinə görə, solğunluq qanda hemoqlobinin azalması ilə əlaqədardır:
“Hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluq daha çox üz dərisində hiss olunur. Diş ətlərində və göz qapaqlarının iç səthində solğunluq nəzərə çarpır. Lakin üzün solğun olması yalnız qanazlığı demək deyil. Bəzi insanların dərisi təbii olaraq açıq rənglidir”.
Mütəxəssis qeyd edib ki, yorğunluq, stres və həyəcan da üz rənginə təsir göstərə bilər. Eyni zamanda, qan təzyiqinin enməsi və vegetativ sinir sistemi reaksiyaları solğunluğa səbəb ola bilər.
Nahid Məhərrəmov əlavə edib ki, hətta otağın işıqlandırılması belə insanın solğun görünməsinə təsir edə bilər. Bu səbəbdən yalnız zahiri görünüşə əsaslanaraq qanazlığı diaqnozu qoymağın düzgün olmadığını vurğulayıb:
“Qanazlığı yalnız laborator qan analizi ilə təsdiqlənməlidir”.
