🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev: Azərbaycan dilinin qorunması milli təhlükəsizliyin tərkib hissəsidir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin yanvarın 5-də media nümayəndələrinə verdiyi müsahibə yalnız cari siyasi proseslərin deyil, həm də milli kimlik və ideoloji təhlükəsizlik məsələlərinin geniş təhlili ilə yadda qaldı. Dövlət başçısının Qarabağ, Şərqi Zəngəzur və Azərbaycan tarixinin təhrifinə qarşı çağırışları fonunda səsləndirdiyi fikirlərdən biri xüsusilə diqqət çəkdi: Azərbaycan ədəbi dilinin saflığının qorunması.

Bu mövzu Prezidentin çıxışlarında yeni deyil. O, artıq 10 il əvvəl AMEA-nın yubileyində Azərbaycan dili ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmişdi. Aradan keçən onillik ərzində müəyyən institusional və praktiki addımlar atılsa da, Prezidentin son müsahibəsində vurğuladığı kimi, mövcud vəziyyət onu hələ də tam qane etmir. Bu isə göstərir ki, dil məsələsi dövlət başçısı üçün sadəcə mədəni deyil, strateji əhəmiyyətli bir problemdir.

Prezident İlham Əliyevin yanaşmasında dil milləti birləşdirən əsas sütun, dövlətçiliyin isə ayrılmaz atributudur. Onun sözlərində açıq mesaj var: əgər bir xalq öz ana dilini qorumağı bacarmırsa, zamanla milli kimliyini də itirə bilər. Bu yanaşma xüsusilə qloballaşma, sürətli informasiya axını və internet mədəniyyətinin dilə təsiri fonunda aktuallıq qazanır.

Dövlət başçısı diqqəti əsasən iki təhlükəyə yönəldir: xarici kəlmələrin Azərbaycan dilinə ehtiyac olmadan daxil edilməsi və dilin ədəbi normadan tədricən uzaqlaşması. Prezidentin sözlərinə görə, beynəlxalq terminlərin işlədilməsi qaçılmazdır, lakin Azərbaycan dilində qarşılığı olan sözləri məqsədli və ya bilməyərəkdən xarici kəlmələrlə əvəz etmək qəbuledilməzdir.

Müsahibədə xüsusi vurğulanan məqamlardan biri də Azərbaycan dilinin qoruyucusunun məhz müstəqil Azərbaycan dövləti olmasıdır. Dünyada 50 milyondan çox insan üçün ana dili olan Azərbaycan dili müxtəlif coğrafiyalarda fərqli təsirlərə məruz qalır. Prezidentin qeyd etdiyi kimi, bəzi ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dil zəifləyir, gündəlik danışıqda yad leksika üstünlük təşkil edir ki, bu da milli-mədəni bağların uzunmüddətli perspektivdə zəifləməsi riskini artırır.

Dövlət başçısı yalnız tənqid etmir, həm də yol göstərir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl öyrənməsi üçün onlayn məktəblərin, distant tədris imkanlarının genişləndirilməsi və dilin sistemli şəkildə öyrədilməsi Prezidentin diqqət mərkəzindədir. Bu, dil siyasətinə yalnız mədəni deyil, həm də texnoloji yanaşmanın tətbiq edildiyini göstərir.

Prezident İlham Əliyevin yanaşmasının fərqləndirici cəhəti odur ki, dilin qorunması yalnız dövlət qurumlarının işi hesab olunmur. Onun çağırışı cəmiyyətin bütün təbəqələrinə ünvanlanır: alimlərə, dilçilərə, yazıçılara, jurnalistlərə, siyasətçilərə və ictimai fəallara. Xüsusilə media və ictimai çıxış sahiblərinin məsuliyyəti ön plana çıxır, çünki dilin gündəlik istifadədə necə təqdim olunması cəmiyyətin dil davranışını formalaşdırır.

Əslində Prezidentin mövqeyi daha geniş ideoloji kontekstdə başa düşülməlidir. Qarabağ və Şərqi Zəngəzurla bağlı tarixi həqiqətlərin müdafiəsi, toponimlərin qorunması və milli yaddaşın bərpası ilə dil məsələsi bir-birini tamamlayır. Tarixi təhrif edildiyi kimi, dil zəiflədikdə də milli mövqelər sarsılır. Bu baxımdan dilin saflığı uğrunda mübarizə eyni zamanda milli informasiya təhlükəsizliyinin bir hissəsidir.

Prezident İlham Əliyevin mesajı aydındır: Azərbaycan dili zəngindir, qədimdir və özünü ifadə etmək üçün yad elementlərə möhtac deyil. Onu qorumaq təkcə qanun və sərəncamlarla deyil, ictimai şüur, məsuliyyət və şəxsi davranışla mümkündür. Dilə biganə münasibət milli kimliyə biganəlik deməkdir.

Bu müsahibə bir daha göstərdi ki, dövlət başçısı üçün dil məsələsi epizodik yox, davamlı nəzarətdə saxlanılan strateji mövzudur. Prezidentin sözləri həm xəbərdarlıq, həm də çağırışdır: dilimizi qorumasaq, özümüzü qoruya bilm