Azərbaycan.media xəbər verir ki, 2017-ci ildə Tərtər hadisələri zamanı həlak olan polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödənilməsi ilə bağlı məhkəmə qərarı verilib.
Məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi işə baxıb. İddiaçılar zabit atalarının ölümü ilə əlaqədar hər birinə 600 min manat olmaqla təzminat tələb ediblər. İş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.
Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirib ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib.
Məhkəmə yekunda iddianı qismən təmin edib. Qərara əsasən, mərhum polkovnik-leytenantın hər bir övladına 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.
Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.
Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra Saleh Qafarova bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya isə 50 min manat məbləğində təzminat ödənilib.
