Azərbaycan.media xəbər verir ki, Taylandda dəmir yolu relslərinin çəkilişi zamanı istifadə olunan iri tikinti kranı hərəkətdə olan sərnişin qatarının üzərinə aşıb.
Hadisə Banqkokdan təxminən 230 kilometr şimal-şərqdə yerləşən Nakhon Ratçasima əyalətinin Sikhio rayonunda baş verib. Qəza Banqkokdan Ubon Ratçatani əyalətinə hərəkət edən qatarla bağlı qeydə alınıb.
Kranın qatarın üzərinə aşması nəticəsində vaqonlar relsdən çıxıb və qısa müddət sonra qatar alovlanıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 22 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb. Bildirilir ki, çox sayda sərnişin yaralı vəziyyətdə vaqonlarda köməksiz qalıb.
Polis yanğının nəzarət altına alındığını və ərazidə xilasetmə əməliyyatlarının başladıldığını açıqlayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
