🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elnarə Akimova: Azərbaycan infrastruktur problemlərini artıq strateji və sistemli yanaşma ilə həll edir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın infrastruktur siyasətində yeni və strateji mərhələyə keçdiyini nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. Onun sözlərinə görə, Prezidentin çıxışı son 20 ildə aparılan məqsədyönlü siyasətin məntiqi yekunu olmaqla yanaşı, qarşıdakı onillik üçün aydın yol xəritəsi rolunu oynayır.

Deputat qeyd edib ki, son iki onillikdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkədə əsas infrastruktur problemləri köklü şəkildə həll olunub. Vaxtilə enerji qıtlığı yaşayan və elektrik enerjisi ilə təbii qazı idxal edən Azərbaycan bu gün generasiya gücü tələbatını xeyli üstələyən, enerji ixrac edən ölkəyə çevrilib. Təxminən 10 min meqavatlıq generasiya gücünün yaradılması, ötürücü xətlərin, yarımstansiyaların və paylayıcı şəbəkələrin vahid sistemə inteqrasiyası ölkənin enerji təhlükəsizliyini tam təmin edib və yeni iqtisadi imkanlar açıb.

“Qazlaşmanın 96 faizə çatdırılması təkcə sosial rifahın yüksəlməsi deyil, eyni zamanda, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi deməkdir. Bu gün artıq ondan çox ölkə Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edir və bu siyahı ildən-ilə genişlənir”, – deyə Elnarə Akimova vurğulayıb.

Onun sözlərinə görə, su məsələsi Prezidentin çıxışında xüsusi önəm daşıyan mövzu kimi təqdim olunub və haqlı olaraq milli təhlükəsizlik müstəvisində dəyərləndirilib. Son 20 ildə inşa edilən dörd iri su anbarı, xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” anbarları Bakının və ölkənin qərb bölgəsinin su təminatında həlledici rol oynayır. “Ceyranbatan” su anbarının yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi isə paytaxtın su təhlükəsizliyinin əsas dayaqlarından biridir.

Deputat azad edilmiş ərazilərdə həyata keçirilən su layihələrinin həm texniki, həm də siyasi və humanitar baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. İşğal dövründə Ermənistanın “Sərsəng” və “Suqovuşan” su anbarlarından bir silah kimi istifadə etməsinin region əhalisinə ciddi zərər vurduğunu xatırladan E.Akimova qeyd edib ki, bu gün həmin su anbarlarının bərpası və yeni layihələrin icrası ədalətin bərpası və dayanıqlı inkişafın təminatıdır.

Onun sözlərinə görə, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı uzun illər yığılıb qalmış problemlərə kompleks cavabdır. Proqram çərçivəsində fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, su itkilərinin kəskin şəkildə azaldılması, kanalizasiya xidmətinin demək olar ki, bütün əhalini əhatə etməsi planlaşdırılır. Eyni zamanda, 30-a yaxın yeni su anbarının tikilməsi, 200 kilometrdən artıq magistral kanalın və geniş paylayıcı şəbəkələrin qurulması nəzərdə tutulur.

Elnarə Akimova bildirib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin yaradılması şəhəri hər leysan zamanı iflic edən problemlərin qarşısını almağa xidmət edəcək. Dənizə axıdılan tullantı sularının 100 faiz təmizlənməsi və Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi isə Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat xüsusilə vurğulayıb ki, ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşa edilməsi Abşeron yarımadasının su təminatında alternativ və dayanıqlı mənbə yaradacaq. Xarici investisiyalar hesabına reallaşdırılacaq bu layihə həm içməli su, həm də suvarma sahəsində yeni imkanlar açacaq.

“Prezidentin də qeyd etdiyi kimi, bu proqramın icrası ciddi nəzarət altında olacaq, əsas məqsəd isə tələskənlik deyil, keyfiyyətli və vaxtında icradır. Bütün bunlar göstərir ki, Azərbaycan artıq mövcud problemləri həll etməklə kifayətlənmir, gələcək riskləri əvvəlcədən hesablayaraq qabaqlayıcı addımlar atır. Su təhlükəsizliyi sahəsində qəbul edilən bu strateji qərar ölkənin dayanıqlı inkişafının əsas təminatlarından biri olacaq”, – deyə Elnarə Akimova əlavə edib.

Azərbaycan.media