Azərbaycan.media xəbər verir ki, Türkiyə ABŞ-ın İrana hərbi müdaxilə ehtimalının əleyhinədir və bunun Ankaraya yeni problemlər yaradacağını düşünür.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyənin bu mövqeyi başadüşüləndir. Çünki ABŞ-ın vaxtilə İraq və Suriyaya hərbi müdaxilələri Türkiyə üçün ciddi təhlükəsizlik və siyasi problemlər yaradıb. Bu səbəbdən Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi regionda gərginliyi daha da artıracaq və Türkiyəyə əlavə risklər gətirəcək. Məhz buna görə də Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları intensivləşdirib.
Politoloq bildirib ki, Tehran da yaranmış vəziyyətdə Ankaranın diplomatik imkanlarından istifadə etməyə qərar verib:
“ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib. İran və Türkiyənin xarici işlər nazirləri Abbas Arakçı və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaradan Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməyə inandırmağı xahiş edir”.
Elxan Şahinoğlu qeyd edib ki, Hakan Fidan Abbas Arakçı ilə telefon danışıqlarından sonra ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak həm də Donald Trampın yaxın dostudur və dövlət katibini kənarda qoyaraq birbaşa prezidentlə təmas qurmaq imkanına malikdir. Onun Ankaranın mövqeyini Trampa çatdıracağı gözlənilir.
Bununla belə, politoloqun fikrincə, ABŞ Prezidenti İrana hərbi müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq. O əlavə edib ki, Türkiyə İranda gərginliyin səngiməsini və bu ölkənin ərazi bütövlüyünü dəstəkləsə də, Ankarada İranın illərdir PKK-nı dəstəklədiyini də unutmayıblar.
