🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dilimiz – kimliyimiz”: Azərbaycan Yazıçılar Birliyində dilin qorunması və inkişafı müzakirə edilib

Azərbaycan.media xəbər verir ki, yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib.

Tədbiri AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açaraq Azərbaycan dilinin saflığı və qorunmasının önəmini vurğulayıb. O, ölkə Prezidentinin çıxışlarına istinad edərək, dilin elmi və ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını bildirib. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olsa da, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan regional söz sahibi dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına güclü təkan verib. O, yaxın gələcəkdə dilimizin regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.

Müşavirədə dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub. Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir iştirak edib.

Çıxış edənlər Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin vəzifəsi olduğunu vurğulayıblar. Müşavirə elmi-ədəbi müzakirələr və aktual təkliflərlə yadda qalıb.