Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun müxtəlif kəndlərində görülmüş işlərlə tanış olub.
Prezident İlham Əliyev əvvəlcə Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib. “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına stansiya və Qarabağda, Şərqi Zəngəzurda yerləşən digər SES-lərin vəziyyəti, Tərtərçay silsiləsinin hidroenerji potensialı barədə məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə istismar olunan 38 SES-də 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib, bu da 160 milyon kubmetr təbii qaza qənaət və 280 min ton karbon qazının atmosferə atılmasının qarşısını alıb.
“Qozlukörpü” SES 14,7 meqavat gücündədir və sərt relyef, çətin iqlim və logistika şəraitinə baxmayaraq qısa müddətdə inşa olunub. 955 metr yüksəklikdə qurulmuş stansiyada 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib və müasir enerji istehsalı texnologiyaları tətbiq edilib. Stansiya il ərzində 43 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək, bu da 9,5 milyon kubmetr təbii qaz qənaəti və 18 min ton karbon qazının ətraf mühitə atılmasının qarşısını alacaq. Eyni zamanda, çay balıqlarının və suyun keyfiyyətinin qorunması üçün ekoloji texnoloji qurğular quraşdırılıb.
Prezident İlham Əliyev daha sonra Ağdərə rayonunun Heyvalı kəndində həyata keçirilmiş abadlıq və infrastruktur işləri ilə tanış olub. Kənddə 126 fərdi evdən 45-i tam bərpa edilib, 19 ailənin (74 nəfər) məskunlaşması təmin olunub. Enerji, qaz və rabitə xətləri bərpa edilib, içməli su üçün 60 kubmetrlik çən quraşdırılıb, kənddaxili yollar əsaslı şəkildə yenilənib və istirahət parkı salınıb. Dövlət başçısı Sarvan Abbasovun ailəsinə baş çəkərək yeni evdə yaradılmış şəraitlə tanış olub.
Çıldıran və Çapar kəndlərində də görülmüş işlərlə tanışlıq olub. Xankəndi, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kəndlərdə həyata keçirilmiş işləri təqdim edib. Çapar kəndində 104 fərdi evdən 40-ı artıq istifadəyə hazırdır, 26 ailə (96 nəfər) kəndə qayıdıb. Elektrik, qaz və rabitə xətləri bərpa olunub, su şəbəkəsi yaradılıb, kənddaxili yollar və yeni park sakinlərin istifadəsinə verilib. Prezident burada da Kəmalə Dadaşovanın ailəsinə baş çəkib.
Qeyd edək ki, bütün bu layihələr Ağdərə rayonunun işğaldan azad olunmuş kəndlərinin sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialının reallaşdırılması və bölgədə həyatın bərpasına yönəlib.
