Azərbaycan.media xəbər verir ki, Ermənistan heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında açıqlama verib.
Nazirin sözlərinə görə, rəsmi İrəvan bu məsələdə qarşıdurma xəttini deyil, ölkənin təhlükəsizlik ehtiyaclarına uyğun balanslı yanaşmanı üstün tutur. O vurğulayıb ki, silahlanma yarışında iştirak etməmək Ermənistanın müdafiə sahəsində addımlar atmayacağı anlamına gəlmir.
Suren Papikyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları nəzərə alınmaqla silah və hərbi texnika alınması, eyni zamanda mövcud imkanların modernləşdirilməsi prosesi davam etdiriləcək. Nazir bu addımların ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiyini bildirib.
