Azərbaycan.media xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə təsis edilən “Şirməmməd Hüseynov mükafatı” bu il tanınmış jurnalist, pedaqoq Qulu Məhərrəmliyə təqdim olunub. Təqdimat mərasimində media, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxış edərək mükafatın yaranma tarixi və mahiyyəti haqqında məlumat verib. O bildirib ki, mükafat altı il əvvəl təsis edilərkən əsas məqsəd medianın yalnız informasiya ötürən deyil, eyni zamanda milli dövlətçiliyi, dövlət adamlarını və tarixi yaddaşı qoruyan bir institut kimi dərk olunması olub. Onun sözlərinə görə, bu prinsiplər əsasında müəyyənləşdirilən meyarlar bundan sonra da qorunacaq və Qulu Məhərrəmlinin mükafata layiq görülməsi mükafat komissiyasının yekdil qərarıdır. Elşad Eyvazlı vurğulayıb ki, hazırda Azərbaycan tarixi mərhələdən keçir, ərazi bütövlüyü təmin olunub, regional proseslər yeni reallıqlar yaradıb və bu reallıqlar Ulu Öndər Heydər Əliyevin, eləcə də cümhuriyyət qurucularının ideyalarının Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini göstərir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, ustad müəllimin adını daşıyan mükafatın onun yolunu davam etdirən şəxslərə verilməsi jurnalistika fakültəsinin və tələbələrin bu ənənəyə sadiq qaldığını göstərir. O, bu mükafatı həm Azərbaycan jurnalistikasının inkişafına, həm də Şirməmməd Hüseynov irsinin yaşadılmasına verilən böyük dəyər kimi qiymətləndirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı” təsis olunduğu gündən yalnız həqiqətən layiq olan şəxslərə təqdim edilib. O, Qulu Məhərrəmli ilə Şirməmməd Hüseynov arasındakı yaxın münasibətlərə toxunaraq, mükafatın səviyyəsinin bundan sonra da qorunacağına inandığını bildirib.
Real Televiziyasının rəhbəri, Şirməmməd Hüseynovun tələbəsi Mir Şahin Ağayev çıxışında jurnalistika ilə tarixin bir-birindən ayrılmaz olduğunu vurğulayıb. Onun sözlərinə görə, günü yazan jurnalist əslində tarixi yazır və bu baxımdan Şirməmməd Hüseynov həm böyük tarixçi, həm də böyük jurnalist olub.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, Şirməmməd Hüseynovun yaxın dostu Cahangir Məmmədli tədbiri əlamətdar hadisə adlandırıb və Qulu Məhərrəmlinin bu mükafata layiq görülməsini yüksək qiymətləndirib.
Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə Qulu Məhərrəmlini özünü bu sahədə tam təsdiq etmiş jurnalist kimi xarakterizə edib və onun peşəkarlığını xüsusi vurğulayıb.
“Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov qeyd edib ki, bu mükafat yaşa görə deyil, məhz düşüncə və fəaliyyətə görə verilir. O, həmçinin gələcəkdə mükafatın Türk dünyasından olan jurnalistlərə də təqdim olunmasını təklif edib.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, bu, adına və təqdimatına heç bir irad bildirilə bilməyən nadir mükafatlardandır və insanların sağlığında dəyərləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, eləcə də digər çıxış edənlər mükafatın dəyərlər sisteminə xidmət etdiyini vurğulayaraq Qulu Məhərrəmlini təbrik ediblər.
Təbriklərdən sonra Qulu Məhərrəmliyə “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub. O, çıxışında bu mükafatın onun üçün mənəvi dəyərinin yüksək olduğunu bildirib, Şirməmməd Hüseynovun ona aşıladığı milli düşüncə, dövlətə və xalqa təmənnasız xidmət prinsiplərindən danışıb.
Tədbiri Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, jurnalist Ülkər Hüseynova yekunlaşdırıb. O qeyd edib ki, Şirməmməd Hüseynov üçün hər şeydən əvvəl dövlət anlayışı dayanıb və bu mükafat onun ideyalarının yaşadılmasının bariz nümunəsidir.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” altı il əvvəl Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə təsis edilib. Mükafatın əsas məqsədi Azərbaycan mətbuatında milli dövlətçilik ideyalarına sədaqət göstərən, jurnalistikanı tarixi yaddaş və ictimai məsuliyyət kimi dərk edən media nümayəndələrinin fəaliyyətini qiymətləndirməkdir.
