🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda ən ucuz torpaq satılan ərazilər açıqlanıb – QİYMƏTLƏR

Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə torpaq bazarı kifayət qədər genişdir və qiymətlər əsasən yerləşmə, infrastruktur və kommunikasiya imkanlarından asılı olaraq dəyişir.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, paytaxtın mərkəzindən kənar ərazilərdə torpaq sahələrini nisbətən daha münasib qiymətə əldə etmək mümkündür.

AQC sədri bildirib ki, ən ucuz torpaq təklifləri əsasən Abşeron yarımadasının kənar qəsəbələrində qeydə alınır. Xüsusilə Zirə, Məhəmmədi və Türkan qəsəbələri bu baxımdan diqqət çəkir. Həmin ərazilərdə bir sot torpağın qiyməti təxminən 4 000–7 000 manat arasında dəyişir.

Vüqar Oruc qeyd edib ki, Məhəmmədi qəsəbəsinin bəzi hissələrində infrastrukturun daha yaxşı olduğu sahələrdə qiymətlər 10 min manatı da keçə bilir. Qiymət fərqləri əsasən yol kənarında yerləşmə, kommunikasiya xətlərinə yaxınlıq və sənədləşmə vəziyyəti ilə bağlıdır.

Onun sözlərinə görə, Bakı ətrafında qiymətləri nisbətən orta hesab edilən digər ərazilər sırasında Xocəsən, Sultəpə və Masazır da yer alır. Xocəsən və Sultəpədə bəzi torpaq sahələrinin qiyməti 25 min manata qədər, Masazırda isə bir sot torpaq üçün orta hesabla 20 min manat civarındadır.

AQC sədri əlavə edib ki, bu ərazilər şəhərin gələcəkdə genişlənməsi fonunda investisiya baxımından da maraqlı hesab edilə bilər.