Kung Fu Federasiyası ilə Arpaçay İdman Birliyi arasında əməkdaşlıq razılaşması əldə olunub.
Azərbaycan.media xəbər verir ki, Arpaçay İdman Birliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının Kung Fu Federasiyası ilə əməkdaşlığa dair razılıq əldə olunub.
Tədbirdə rəsmi dəvət əsasında Kung Fu Federasiyasının prezidenti Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov və hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı çıxış ediblər.
Nurlan Aslanov çıxışı zamanı ölkə Prezidentinin idmana göstərdiyi diqqət və qayğının federasiyaların fəaliyyətinə mühüm töhfə verdiyini qeyd edib. O bildirib ki, əldə olunan yeni əməkdaşlıq çərçivəsində gələcəkdə daha yüksək səviyyəli yarış və idman tədbirlərinin təşkili üçün Kung Fu Federasiyası fəal iştirak göstərəcək.
Kung Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu və WAKO Avropa kəmərinin sahibi Ehram Məcidov isə çıxışında ötən illərdə “Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi peşəkar yarışlarda qazandıqları təcrübəyə toxunub. O vurğulayıb ki, qarşıdakı tədbirlərdə də bütün bilik və bacarıqlarını ortaya qoyacaqlar.
Tədbirin sonunda Ruslan Məmmədovun “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçilməsi münasibətilə təbriklər səsləndirilib, xatirə şəkilləri çəkdirilib.



Mənbə: Azərbaycan.media
