Azərbaycan.media xəbər verir ki, Bakıda Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub. Tədbir şəhidlərin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gecədə qeyd olunub ki, Məmməd Araz yaradıcılığı təkcə poeziya deyil, həm də millətin yaddaşı, vicdan səsi və yol xəritəsidir. Şairin misralarında dağların sükutu, şəhərin hay-küyü və insanın içindəki böyük Vətən sevgisi bir araya gəlir.
Tədbirdə ölkənin tanınmış elm və ədəbiyyat adamları çıxış ediblər. Akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov və Xalq şairi Sabir Rüstəmxanlı şairin poetik, fəlsəfi, folklor və vətəndaşlıq qatlarından danışıblar. Tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı və filoloq-alim, şair Adilə Nəzər isə çıxışlarında Məmməd Araz poeziyasının çağdaş ədəbi düşüncədə davam edən təsirinə diqqət çəkiblər və ustada həsr etdikləri şeirləri səsləndiriblər.
Gecə boyunca şairin misraları müxtəlif sənət növlərində təqdim olunub. Respublikanın Əməkdar Artisti Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, Aşıq Ramin Qarayev, bəstəkar-müğənnilər Niyaməddin Musayev, Çilənay Hüseynova, həmçinin müğənnilər Mehranə Vəliqızı və Sərxan Bünyadzadə Məmməd Araz sözünü musiqi və muğamla tamaşaçılara çatdırıblar.
Şairin poeziyası bədii qiraətdə də xüsusi yer tutub. Aktyor və qiraət ustaları Kamran Yunis, Həlimət Sultan, Şirzad Pirallahı, Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov, eləcə də Hədəf Liseyinin şagirdləri şairin şeirlərini böyük duyğu ilə oxuyublar.
Tədbirdə Məmməd Arazın Naxçıvandakı ev muzeyindən video-görüntülər və muzeyin direktoru Əzizə Süleymanovanın çıxışı da nümayiş etdirilib. Ailə üzvləri adından yazıçı Aqil Abbas çıxış edərək, şairin xatirəsi yad edilən gecəni təşkil edənlərə təşəkkürlərini çatdırıb.
Tədbir iştirakçılarına şairin 4 cildlik kitabları hədiyyə olunub. Xatirə gecəsi Məmməd Arazın öz səsi ilə səslənən “Salamat qal” şeiri ilə yekunlaşıb. Bu səsləndirmə bir daha sübut edib ki, şairlər getdikcə də poeziyası xalqın yaddaşında yaşayır.
Məmməd Arazın xatirəsinə həsr olunan gecə Azərbaycan poeziyasına, milli yaddaşa və sözə ehtiramın parlaq nümunəsi kimi yadda qalıb.
