Azərbaycan.media xəbər verir ki, “Azercell Telekom” MMC rouminq internet paketləri üzrə məhsul portfelini yeniləyib. Yenilənmiş paketlər abunəçilərə xarici səfərlər zamanı internet xidmətindən daha sərfəli şərtlərlə istifadə imkanı təqdim edir. Beləliklə, abunəçilər ölkə hüdudlarından kənarda işlərini rahatlıqla idarə edə və yaxınları ilə fasiləsiz əlaqədə qala bilirlər, bu da səyahət təcrübəsini daha etibarlı və rahat edir.
Yerli bazarda ən geniş rouminq şəbəkəsinə malik lider mobil operator 500 MB, 2 GB, 5 GB və 10 GB həcmli paketləri istifadəyə verib.
Qısa müddətli səfərlər üçün 500 MB həcmli paket 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə 10 gün üçün 25 AZN-dir.
Daha uzun müddətli və geniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB paket 50 AZN, 10 GB paket isə 75 AZN-ə təqdim olunur.
Qeyd edək ki, bu paketlər 100-dən çox ölkədə fəaliyyət göstərən 260 operatorun şəbəkəsində istifadə oluna bilər və siyahı mütəmadi olaraq yenilənir.
Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
