Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamaları ilə bağlı etiraz məktubu təqdim edilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama verib. Bildirilib ki, etiraz məktubunda Rusiyanın dövlət televiziyasına aid proqramın efirində səsləndirilən bəyanatlara görə dərin narazılıq ifadə olunub.
Açıqlamada vurğulanıb ki, sözügedən fikirlər Ermənistan Respublikasının suverenliyinə qarşı yolverilməz müdaxilə və düşməncəsinə hərəkət kimi qiymətləndirilir, eyni zamanda Ermənistan ilə Rusiya arasında mövcud olan dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur.
Qeyd edək ki, Vladimir Solovyov bundan əvvəlki çıxışlarında Ermənistanın itirilməsinin Rusiyanın maraqlarına zidd olduğunu bildirib. O, həmçinin “xüsusi hərbi əməliyyat”ın yalnız Ukraynada deyil, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə, o cümlədən Ermənistanda da həyata keçirilməli olduğunu iddia edib.
