🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ANAMA İctimai Şurası azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura azad edilmiş ərazilərdə və doğma yurdlarına qayıdan əhali üçün mina təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq edib.

Qurum üzvlərinin son dövrlərdə azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ilə bağlı apardıqları müzakirələrin yekunu olaraq yayılan açıqlamada qeyd olunub ki, son günlərdə baş verən hadisələr ciddi narahatlıq doğurur.

“Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra isə 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həyatını itirib və ya müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər və xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar var”, – deyə açıqlamada vurğulanıb.

İctimai Şura bir daha diqqətə çatdırıb ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq və xəbərdarlıq nişanlarını nəzərə almamaq ağır və bəzən geri dönməyən nəticələrə səbəb ola bilər. Bunun qarşısının alınması üçün yüksək səviyyədə çirklənmiş ərazilərin müvəqqəti olaraq konservasiya edilərək çəpərlənməsi işləri davam etdirilir.

ANAMA İctimai Şura xüsusilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şəxsləri və doğma yurdlarına qayıdan əhalini təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Qeyd olunub ki, mina təhlükəsinin aradan qaldırılmasında dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, hər bir vətəndaşın məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır:

“Regionda istisnasız olaraq yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərmək, xəbərdarlıq nişanlarına ciddi yanaşmaq və şübhəli əşya və ya mina riski ilə rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat vermək həyati vacibdir. Dünyada insan həyatından qiymətli heç nə yoxdur. Mina təhlükəsinə laqeyd yanaşmaq isə yeni faciələrə yol aça bilər”, – deyə açıqlamada bildirilib.