🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Deputat: Ucqar məktəblərdə müəllimlərin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə ciddi risk yaradır

Azərbaycan.media xəbər verir ki, son illər ucqar rayon və kənd məktəblərində müəllim heyətinin davamlı şəkildə dəyişməsi təhsil sistemində narahatedici tendensiya kimi qiymətləndirilir. Xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) və sertifikasiya imtahanlarından uğurla keçən pedaqoqların ilkin mərhələdə bölgə məktəblərinə təyinat alması, lakin bir neçə ildən sonra yenidən imtahanlarda iştirak edərək daha əlverişli məktəblərə keçməyə çalışması bir sıra problemlərə yol açır. Nəticədə bəzi məktəblərdə müəllim kollektivi demək olar ki, hər il yenilənir və bu da tədris prosesində sabitliyin pozulmasına səbəb olur.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, elmi tədqiqatlar və praktiki müşahidələr müəllim amilinin şagirdlərin akademik nailiyyətlərinə birbaşa təsir göstərdiyini sübut edir. Onun sözlərinə görə, müəllimlərin tez-tez dəyişməsi bu təsirin davamlılığını zəiflədir.

Deputat qeyd edib ki, hər bir müəllimin fərqli pedaqoji yanaşması, metodikası, qiymətləndirmə meyarları və sinif idarəetmə üslubu var. Şagirdlərin hər il yeni tələblərə və fərqli tədris modellərinə uyğunlaşmaq məcburiyyətində qalması isə öyrənmə prosesinin səmərəliliyini azaldır. Xüsusilə ibtidai və əsas təhsil pilləsində bu dəyişkənlik biliklərin sistemli mənimsənilməsində boşluqlar yaradır.

Elnarə Akimova prosesin psixoloji tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, şagirdlə müəllim arasında etimad və emosional bağın formalaşması zaman tələb edir və müəllim dəyişikliyi bu bağın tez-tez qırılmasına, motivasiyanın azalmasına və məktəbə marağın zəifləməsinə səbəb ola bilər. Ucqar kənd məktəblərində müəllimin icma üçün sosial nüfuz daşıyıcısı olduğunu vurğulayan deputat bildirib ki, bu dəyişikliklər valideyn-məktəb münasibətlərinə də mənfi təsir göstərir.

Millət vəkili qeyd edib ki, bu tendensiyanın uzunmüddətli nəticələri daha ciddi risklər yaradır. Region məktəblərində tədrisin keyfiyyətində qeyri-sabitlik şəhər və kənd məktəbləri arasında təhsil səviyyəsi fərqinin dərinləşməsinə səbəb ola bilər ki, bu da təhsildə bərabər imkanlar prinsipinə ziddir və gələcəkdə sosial bərabərsizliyi artırır.

Deputat əlavə edib ki, müəllim dəyişikliyinin mənfi təsirini azaltmaq üçün məsələyə yalnız inzibati deyil, kompleks yanaşma vacibdir. Onun fikrincə, məktəblərin daxili institusional mexanizmləri gücləndirilməli, vahid metodik xətt qorunmalı, məktəbdaxili koordinasiya artırılmalı və pedaqoji kollektivdə kollektiv məsuliyyət formalaşdırılmalıdır. Gənc və yeni təyin olunan müəllimlər üçün mentorluq sisteminin tətbiqi də effektiv vasitə kimi qiymətləndirilib.

Elnarə Akimova vurğulayıb ki, müəllimlərin bölgələrdə uzunmüddətli fəaliyyət göstərməməsinin əsas səbəbləri daha çox sosial xarakter daşıyır. Yaşayış şəraiti, nəqliyyat imkanları, ailə üzvlərinin sosial təminatı və peşəkar inkişaf perspektivlərinin məhdudluğu müəllimlərin mərkəzlərə üz tutmasına səbəb olur.

Deputatın sözlərinə görə, bu problemin həlli üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ucqar ərazilərdə çalışan müəllimlər üçün differensial əməkhaqqı sistemi, region əmsalları, əlavə mükafatlar, sosial paketlər, xidmət mənzilləri və kommunal güzəştlər real motivasiya yarada bilər. Eyni zamanda, bölgə məktəblərində uzun müddət çalışan müəllimlərə gələcək karyera mərhələlərində üstünlüklərin verilməsi də onların marağını artıra bilər.

Sonda deputat qeyd edib ki, ucqar rayon və kənd məktəblərində müəllimlərin tez-tez dəyişməsi təhsil sisteminin davamlılığına və keyfiyyətinə ciddi təhdid yaradır. Onun fikrincə, bu problemi yalnız kadr bölgüsü ilə deyil, müəllimin sosial statusu, peşəkar inkişafı və motivasiyası kontekstində həll etmək mümkündür və milli təhsil siyasətində regionlara xüsusi yanaşmanın formalaşdırılması zəruridir.

Azərbaycan.media