Azərbaycan.media xəbər verir ki, intensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur. İlk mərhələdə layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, növbəti mərhələdə isə icra işlərinə başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində intensiv yağıntılar zamanı yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək.
ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə müşahidə olunmayan intensivlikdə yağışlar qeydə alınıb. O bildirib ki, 100 ildə və ya 1000 ildə bir baş verə biləcək leysan yağışlarını mövcud və ya hər hansı infrastruktur sisteminin tam şəkildə qarşılaması mümkün deyil. Bununla belə, normaya uyğun və normadan bir qədər artıq yağıntıları idarə etmək üçün yeni sistemlərin qurulması zəruri hesab olunur.
Zaur Mikayılov qeyd edib ki, hazırda problemli küçələrin siyahısı mövcuddur və proses mərhələli şəkildə daha uyğun ərazilərdə davam etdiriləcək.
O, həmçinin vurğulayıb ki, tikinti və layihələndirmə işləri ilə yanaşı, yağış və su sistemlərinin düzgün uçotu və rəqəmsallaşdırılması da prioritet istiqamətlərdəndir. Sistemlər genişləndikcə insan resursları ilə tam nəzarətin mümkün olmayacağını bildirən sədr əlavə edib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni SCADA sistemləri və IoT əsaslı nəzarət mexanizmləri tətbiq ediləcək.
Onun sözlərinə görə, bu texnologiyalar vasitəsilə uçot sistemi elektronlaşdırılacaq, insan amilinin rolu minimuma endiriləcək, suyun keyfiyyət göstəriciləri isə onlayn rejimdə izləniləcək. Nəticədə sızmalar və su itkiləri operativ şəkildə aşkarlanacaq və vaxtında müdaxilə ediləcək.
Bununla yanaşı, istismar qurumlarının maddi-texniki bazasının gücləndiriləcəyi, qəza və nasazlıqlara daha çevik reaksiya vermək imkanlarının yaradılacağı da bildirilib.
