Azərbaycan.media xəbər verir ki, tanınmış jurnalist Günel Natiq radioda on il ərzində hazırladığı “Söz naxışı” verilişindən danışıb. O, bu proqramı həm tədqiqatyönlü, həm də fərdi layihəsi kimi təqdim edir:
“Radioda 10 il ərzində hazırladığım ‘Söz naxışı’ verilişi tədqiqatyönlü bir proqram idi. Bu layihə tam mənə məxsusdur, adını da özüm düşünmüşdüm. Verilişdə sözlərin, deyimlərin və simvolların mənalarını müxtəlif mənbələrdə araşdırır, onlara öz ‘naxışımı’ vururdum. Bəzən tədqiqatçı və alim qonaqlar dəvət edirdim, amma etiraf edim ki, çox vaxt onların cavabları məni qane etmirdi. Buna görə də araşdırmalarımı özüm davam etdirirdim və müxtəlif xarici mənbələrdən məlumatlar toplayırdım”.
Günel Natiq bildirib ki, radio verilişindən topladığı maraqlı tədqiqatları sonralar qəzet və saytlarda paylaşmış, özü də bir sıra yeni kəşflər etmişdir. İndi isə həmin materialları kitab şəklində çap etdirmək niyyətindədir.
“Bu verilişi hazırlayarkən mifologiya və fəlsəfə dünyasına daxil olur, reallıqdan müəyyən qədər ayrılırdım və bu, mənə böyük zövq verirdi. Hər bir veriliş üzərində bir həftə, bəzən on gün işləyirdim. Son bir neçə gündür həmin mətnləri redaktə edirəm və gözlərim ağrısa da, həmin eyni zövqü yenidən yaşayır, işimdən həzz alıram,” – deyə jurnalist əlavə edib.
Verilişin məqsədi yalnız sözlərin mənalarını açıqlamaq yox, eyni zamanda dinləyicini düşünməyə, sözün içindəki tarix və fəlsəfi qatları kəşf etməyə təşviq etmək olub. Günel Natiqin sözlərinə görə, “Söz naxışı” həm tədqiqatçı, həm də yaradıcı yanaşmanın nəticəsi olaraq söz dünyasına fərqli baxış təqdim edir.
Mənbə: Azərbaycan.media
