🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan mediası müstəqillik dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan.media xəbər verir ki, 1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ölkədə müasir medianın formalaşması üçün geniş imkanlar yaradıb. Həmin dövrdən etibarən media sahəsində aparılan köklü islahatlar nəticəsində senzura aradan qaldırılıb, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr ləğv edilib, medianın fəaliyyətini tənzimləyən müasir və mütərəqqi qanunvericilik bazası formalaşdırılıb.

Eyni zamanda, redaksiyaların davamlı inkişafının təmin edilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst və peşəkar fəaliyyətinə şərait yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu proseslər Azərbaycan mediasının institusional əsaslarının möhkəmlənməsində mühüm rol oynayıb.

Qeyd olunur ki, Azərbaycan mediası ötən illər ərzində özünəməxsus inkişaf yolu keçərək ölkədə və dünyada baş verən hadisələr barədə cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında, eləcə də xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak edib. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan islahatlar, qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər və kommunikasiya texnologiyalarının inkişafı medianın fəaliyyətində keyfiyyətcə yeni yanaşmaların tətbiqini zəruri edir.

Qlobal informasiya mühitinin tələblərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların tətbiqi, yeni media trendlərinin izlənilməsi və innovativ yanaşmaların təşviqi Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr sırasında yer alır. Bu imkanlardan daha səmərəli istifadə olunması, medianın şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında fəaliyyətinin stimullaşdırılması üçün sahədə əsaslı islahatların aparılmasına ehtiyac yaranıb.

Bu məqsədlə Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, institusional quruculuğun gücləndirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafına dəstək göstərilməsi, peşəkar kadrların hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentliyin əsas fəaliyyət istiqamətlərinə media sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq, təkliflərin hazırlanması və icrası, eləcə də sahənin davamlı inkişafının təmin olunması daxildir.

Son illər Azərbaycan media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənib, birgə layihələr, jurnalist mübadiləsi proqramları və müxtəlif təlimlər həyata keçirilib. Bu proseslərdə Medianın İnkişafı Agentliyinin rolu xüsusi qeyd olunur.

Bununla yanaşı, MEDİA qlobal informasiya məkanında yaranan yeni çağırışların müzakirəsi və ortaq hədəflərə nail olunması məqsədilə ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin təşkilində də fəal iştirak edir.

Yaradılmasından cəmi beş il keçməsinə baxmayaraq, Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaf fəaliyyətin təmin olunması istiqamətində mühüm nəticələr əldə edib. Görülən işlərin nəticəsi olaraq Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqelərini getdikcə möhkəmləndirir.

Mənbə: Azərbaycan.media