Azərbaycan.media xəbər verir ki, politoloq İlyas Hüseynov İranda son dövrlər güclənən etiraz aksiyalarını şərh edərkən proseslərin əvvəlki illərlə müqayisədə fərqli geosiyasi şəraitdə cərəyan etdiyini bildirib.
Onun sözlərinə görə, artıq bir müddətdir İranda etirazlar intensivləşir və getdikcə daha geniş miqyas alır. Politoloq qeyd edib ki, əvvəlki etiraz dalğaları zamanı hakimiyyət sərt güc tətbiq etməklə mövqeyini qoruyub saxlayıb, lakin hazırkı mərhələdə beynəlxalq vəziyyət fərqlidir.
İlyas Hüseynov xüsusilə Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə səsləndirdiyi fikirlərin diqqət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, Trampın əsas çağırışı etirazçılara qarşı güc tətbiq olunmaması, atəş açılmamasıdır və bu çağırışların müəyyən təsir gücü var.
Politoloq bildirib ki, bu fonunda artıq İranın bütün iri şəhərlərində hakimiyyət əleyhinə çıxışlar müşahidə olunur. Şahın oğlunun özünü lider kimi təqdim etməyə çalışması, nümayişlərə rəhbərlik etmək cəhdləri və ABŞ Prezidentinə müraciətlər ünvanlaması da proseslərin yeni mərhələyə keçdiyini göstərir.
Eyni zamanda, etirazçılara dəstək məqsədilə ABŞ-ın İrana qarşı hərbi təzyiq və zərbələr endirməsi ehtimalının da gündəmdə olduğunu deyən Hüseynov vurğulayıb ki, zaman keçdikcə bu mövzu daha da aktuallaşır. Onun fikrincə, bütün bunlar İran daxilində ciddi böhran və kataklizmlərə yol aça bilər.
Bununla yanaşı, politoloq vacib bir məqama da diqqət çəkib. O bildirib ki, tarixən İrana qarşı xarici geosiyasi mərkəzlər təzyiq göstərdikdə, daxili auditoriya teokratik rejim ətrafında daha sıx birləşir. Bu amilin ABŞ-dakı strateqlər üçün də narahatlıq doğurmalı olduğunu deyən Hüseynov proseslərin diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb və rejimin çökəcəyi ilə bağlı ehtimallara ehtiyatla yanaşılmasını tövsiyə edib.
