Azərbaycan.media xəbər verir ki, Zaqatala rayonunun Suvagil kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Zaqatala–Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Qax rayonu istiqamətindən Zaqatala şəhərinə doğru hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 32 yaşlı Şəhriyar Cəfərzadə hadisə yerində ölüb. Digər sərnişin Seymur Mehralıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə cinayət işi başlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir.
