Elman Eldaroğlu – 60
1966 cı il- Odlu at ilində,yanvarın 11 də dünyaya gəlib. Sənədlərə isə 3 yanvar yazılıb. Tez- tez işlətdiyi ifadədir:
– Qədeş,mən səkkiz uşağıyam. Səkkizin uşaqları alayı cür okurlar ha! Varislə bir məhəllədə böyümüşük. İkimiz də 66 yıq.
– Sumqayıt şəhərinin 8 ci mikrarayonunu və tanınmış yazıçı Varisi nəzərdə tutur.
– Orta məktəbdə oxuyarkən şeirlər yazıb. ” Sosialist Sumqayıtı” qəzetinin nəzdində fəaliyyət göstərən Gənc müxbirlər dərnəyinin üzvü olub. Atası illərlə zavodda çalışsa da, ev növbəsini gecikdiriblər. Böyük bir ailə darısqal mənzildə yaşayıb. O da 6 cı sinifdə oxuyurmuş. Atasının üzüntüsünə, ailənin narahatçılığına dözməyib,durub Azərbaycan KP MK nın birinci katibi Heydər Əliyevə məktub yazıb,vəziyyətdən agah edib. Bir həftə keçməmiş zavodda və şəhər icraiyyə komitəsində aləm dəyib bir birinə. Eldar kişini axtarıblar və ailəni yeni mənzilə köçürüblər
Tale elə gətirib ki,texniki sahədə təhsil alıb. Uzun müddət işıq və qaz istismarı sahəsində,bir müddət hərbi hissədə çalışıb.
O- Elman Eldaroğludur. İstedadlı publisist,təşkilatçı redaktor,mahir menecer! Elə bu təqdimat, tanıtım da onun öz priyomu sayağıdır.
2026 cı il 60 ildən bir təkrarlanan odlu at ilidir. Və Elmanın da 60 yaşı tamam olur. Odlu at- yüyənsiz atdır,yəni çox özbaşınadır. Mən də bu ildən olduğuma görə özümüzü çox tərifləmişik. Ki,biz yüyənsiz,müstəqil atlar,filan. Hətta sadə at illərinə bir az yuxarıdan aşağı baxmışıq.
Zarafat,zarafat, bəlkə də,odlu at ilinin təsiridir Elmanın sadə mühəndis- texnik həyatı yaşamasına imkan verməyən,başını qeylü- qaldan ayırmayan?!
Elman Eldaroğlu doğru sevəndir. Sözü şax üzə deyəndir. Oturar qabaq- qənşər,yeyib- içər də,sonra da deyər,qədeş,sənin hərəkətin düzgün deyil. İnandırım sizi,o qədər tərs adamdır,işi keçsə belə, deyəcək. Öldürsən də,sözünü ürəyində qısan deyil. Amma o tərəfi də var, Allah xatirinə söyləmək lazımdır,tənqid etdiyi,ağır söz dediyi adamla çörək kəsdiyinə və ya onun yaxşı bir hərəkətinə görə dar günündə sinəsini verər qabağa.
Sərtliyi qədər kövrəkliyi də var.
60 yaşlı Elman Eldaroğlunun portretini dolğunlaşdıran,bütövləşdirən cizgilər yetərincədir. Bu gün 60 rəqəminin bəxş etdiyi işığın haləsində,rəqəm mistikasının ahənrübasında o cizgilərdən altısına aksent etmək niyyətilə gəzişmələrə çıxdım.
1) Təşkilatçılıq( prinsipiallıq)
Yardımlı əsilli ziyalıları bir yerə tplamaq,problemlərindən xəbər tutmaq,gərəkdiyində kiməsə əl yetirmək məqsədi ilə müxtəlif vaxtlarda bir qurum yaratmaq istəyi zaman- zaman gündəmə gəlib. Fəqət,baş tutmayıb.
Günlərin bir günündə Elman Eldaroğlu Bakıda və Sumqayıtda yaşayan tanınmışlar haqqında tanıtım xarakterli məlumatlar topladı,sponsor tapdı, ” Bir elin övladları” məlumat kitabını ərsəyə gətirdi. Daha sonra ” Yardımlı seyyidləri” broşuralarını çapa hazırladı. Bölgələrdə yaşayan yardımlılarla maraqlandı və Yardımlı Xeyriyyə Cəmiyyətini təşkil etmək uğrunda inadlı mübarizəyə başladı. Sağ olsunlar, iş adamları Hacı Gülağa, Bəylər Əzizov, rəhmətlik Hacı Vidadi, Mərdan Seyidbəyli, Mail həkim , Mirmahmud Ağa kimi ziyalılar maddi- mənəvi dəstəklərini əsirgəmədilər.
Yardımlı kəndləri və qəsəbəsi koordinasiya mərkəzləri təşkil olundu
Əlaçı şagirdlərə,imkansız tələbələrə yardımlar,təqaüdlər ayrıldı. Tənha ,kimsəsiz qocalar da yaddan çıxmadı. Şəhid ailələri və Qazilərin ehtiyaclarının qismən ödənilməsi üçün vəsait yığıldı. Yardımlı əsilli mərhum ziyalıların anım günləri təşkil edildi,onlar barəsində kitablar yazıldı,xüsusi buraxılışlar hazırlandı,sənədli filmlər çəkildi. Futbol,voleybol,şahmat turrnirləri,inşa, esse müsabiqələri keçirildi
Elman Yardımlıdan olan tanınmış cərrahların və terapevtlərin rayona səfərini təşkil etdi. Ucqar kəndlərdən mərkəzə gəlmək imkanı olmadığından illərlə ağrı- acı içində qıvrılanların müayinəsinə şərait yaratdı,zərurət yarandığında əməliyyatını təşkil etdi Onlarla imkansız ailənin uşağı sünnət olundu.
Hansı bölgədə yaşamalarından asılı olmayaraq,yardımlıların sosial problemlərinin çözümü üçün irəli keçən Elman müvafiq strukturların qapısını döydü. Məsələ həllini tapmayana qədər kabinetdən çıxmadı. Bu da onun təşkilatçılıq bacarığının qaşı sayılan prinsipiallığından doğurdu.
Qısa müddətdə YXC elə bir imic qazandı ki,bəziləri şəxsi problemləri üçün belə, Elmanı aramağa başladı.
Elman yerində saymadı. Cəmiyyətin daha sürətli təşkilatlanmasına,sosial problemlərin qabardılmasına,əlaqələrin intensivləşməsinə və rayon ziyalılarının tanıtım prosesinə rəvac verə biləcək Yardımlının səsi qəzetini təsis etdi. Bütün işi təkbaşına görürdü. Yardımlıda yaşayan istedadlı şairlər qəzetin ədəbiyyat səhifəsində dərc edildilər. Onların AYB yə üzvlüyü üçün də məhz Elman məsələ qaldırdı və nail oldu. Bakıda, Sumqayıtda yaşayan qələm adamlarının rayon mərkəzində,rayonda yaşayıb- yaradanların Bakı və Sumqayıtda yaradıcılıq gecələri gerçəkləşdirildi
Fədakar tədqiqatçılar- rayon tarix diyarşünaslıq muzeyinin direktoru Əli İsgəndərovun,tanınmış pedaqoqlar Mehdi Həsənovun, Qabil Qaraxanlının və başqalarının Yardımlı tarixi,etnoqrafiyası,etimologiyası,folkloru, toponimləri ilə bağlı silsilə araşdırmaları, o cümlədən Əli müəllimin 19 cu əsrin əvvəllərindən üzü bəri bölgədə iz qoymuş yardımlılarla bağlı unikal materialları,nadir fotoları qəzetin məzmununa xüsusi töhfə verdi.
2) Cəsarət kateqoriyası
Elman Eldaroğlunun görkəmli mətbuat mütəxəssisi,televiziya tənqidçisi,professor,əməkdar jurnalist Qulu Məhərrəmlinin 70 illiyinə yazdığı təbrikdə bir cümlə vardı: Jurnalist ilk növbədə cəsarətli olmalıdır. Və Qulu müəllimdə bu keyfiyyət ən yüksək dərəcədədir.
Bu mənada cəsarət keyfiyyətini elə Elmanın özünə də şamil etmək olar. Yardımlının səsi qəzetinin hər nömrəsində rayonun sosial problemləri qabardılır,məmur özbaşınalığı haqqında təkzibolunmaz faktlar verirdi. Sarkastik yanaşmalar,felyetonlar çoxaldıqca məmurların narahatlığı artırdı. Əvvəl- əvvəl cəmiyyətin koordinatorlarına iş yerlərində təzyiqlər göstərildi,sonra qəzetin Yardımlıya göndərilməsinə əngəl yaradıldı. Nəhayət,iş o yerə çatdı ki, Sumqayıt qaz istismarı idarəsindən Elmanı çağırıb işdən azad olunması barədə əmri göstərdilər.
3) Təşəbbüskarlıq ( operativlik)
Təşəbbüsün gerçəyə çevrilməsindən ötrü ilk növbədə operativlik gərəkir Təşəbbüskarlığı canından gələn Elman irəli sürdüyü ideyaları,adətən,90 faiz gerçəkləşdirir. Çünki operativdir. Çevikdir. Atalar deyib ki, bu günün işini sabaha qoyma. Bu mənada, qroteks olmasın, Elman,az qala, sabahın işini dartıb bu günə gətirir. Bir vaxtlar rəhmətlik Şükür Səlimxanlı, dostumuz Əyyar Cəfər,Elman və mən oturub çay içirdik. Əyyar qayıtdı ki, ayın ikisi (2 iyul) polis günüdür,Şamil müəllimə nə sürprizin olacaq? Şamil Seyidli o vaxt Yardımlı DİŞ in rəisi idi. Rayonda hər kəsin hörmətini qazanmışdı
Elman vaxtı hesabladı. 10 gün qalırdı. Dərhal ayağa durdu, çayın pulunu verdi,taksi çağırdı və Yardımlıya yola düşdü. İyulun 2 də Yardımlı polisinin tarixinə və bu gününə həsr edilmiş xüsusi buraxılış əməkdaşlara və rayon ziyalılarına paylandı.
4) Adaptasiya məharəti və ünsiyyət çevikliyi
Tale elə gətirdi ki, həyat yoldaşının ADA Universiteti layihəsi çərçivəsində ezamı ilə bağlı Elman da ABŞ da, Miçiqan ştatında yaşamalı oldu.
Dil bilmədiyi bir ölkədə baş çıxarmaq nədir,qısa müddətdə ingilis dilini öyrəndi,özünə iş də tapdı. Amerikanın ayrı- ayrı ştatlarında yaşayan azərbaycanlılarla sıx əlaqə qurdu tədbirlərə qatıldı. ABŞdan Azərbaycanın sosial- mədəni həyatını izlədi,yubilyarlar haqqında portret yazılar göndərdi. Amerikada yaşayan soydaşlarımızla müsahibələr çap etdirdi.
Onun ünsiyyət qurmaq qabiliyyəti çox üstündür. Özü demiş,lazım gələndə, ” neqrlə” də dil tapır.
5) Məhsuldarllq
Elman operativdir, məhsuldardır. Birnəfəsə işləməyi bacarır
Hadisələrə operativ reaksiya verir,doğum günlərini,yubileyləri unutmur, öz üslubunda yazısını hədiyyə edir. Uğur qazanmış, amma yetərincə tanımadığımız ziyalılar haqqında dolğun məlumat verir
Elmanın publisistikasında siyasi mənsubiyyətə,sosial kateqoriyaya,işə, peşəyə,yaşa fərq qoyulmur.
6) Dövlətçilik təfəkkürü. Elman Eldaroğlu açıqsözlü,demokratik təbiətli,olduğu kimi görünən,ağlına gələn fikri vəziyyətə münasib malalamadan, çılpaqlığı ilə söyləyən adamdır. Bəzən çox acıdil olur,hətta kiminsə xətrinə də dəyir. Sarkazmı çox kəskindir. Felyeton qələmi itidir. Amma onun kəsərli qələmi saxtakarlara, dövlət çətiri altında xalqı çapıb- talayan məmurlara qarşı yönəlib.
Dövlətçilik təfəkkürü,yurd sevdası, Bayraq sevgisi Elman Eldaroğludan ötrü müqəddəs dəyər,prioritet istiqamətdir.
Epiloq
Texnolojidən elə də güclü deyiləm: Elmanın səhifəsindən sitatlar götürə bilmədim. Nə də özündən heç nə soruşmadım. Sadə təhkiyədə, rəqəmlərsiz, tarixi göstəricilərsiz halda Odlu at ilinin birinci ayında doğulmuş bir qələm adamının, bir insanı həsbi- haldan keçirtdim
Hafiz Ataxanlı
Mənbə: Azərbaycan.media
