Azərbaycan.media xəbər verir ki, Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə bölgələri Suriya ordusu tərəfindən Suriya Demokratik Qüvvələrindən (SDQ) tamamilə azad edilib.
APA-nın NTV və Reuters-ə istinadən məlumatına görə, əvvəlcə SDQ qüvvələrinə geri çəkilmək üçün təklif verilib, lakin qruplaşma buna əməl etməyib. Nəticədə Suriya ordusu əməliyyatlara başlayıb.
Suriya Müdafiə Nazirliyi Hələbdə SDQ-nin əlində olan ərazilərdə atəşkəs elan etmişdi, lakin təyin olunmuş vaxtın başa çatması ilə Suriya ordusu PKK/YPG mövqelərinə bombalama həyata keçirib.
Bildirilib ki, Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda indiyədək 21 mülki şəxs ölüb, 55 nəfər yaralanıb. Döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini isə 100 mindən çox insan tərk edib.
