Azərbaycan.media xəbər verir ki, yaxın vaxtlarda Rusiyanın “Oreşnik” raketləri ilə hücumlar həyata keçirməsi gözlənilmir. Bu barədə ukraynalı aviasiya eksperti Valeri Romanenko açıqlama verib.
Ekspert bildirib ki, sözügedən məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdan alıb. Romanenkonun sözlərinə görə, Budanovun əlində etibarlı kəşfiyyat məlumatları var və o, bu sahədə ixtisaslaşmış şəxsdir.
Valeri Romanenko qeyd edib ki, Rusiya tərəfi “Oreşnik” raketlərini müəyyən müddət ehtiyatda saxlayacaq. Onun fikrincə, bu silahdan daha çox danışıqlar ərəfəsində psixoloji təzyiq və “qorxutma” məqsədilə istifadə olunması planlaşdırılır.
Ekspert əlavə edib ki, “Oreşnik” raketi hələlik eksperimental nümunədir və istehsalı məhdud sayda, tək-tək həyata keçirilir. Bu səbəbdən komplekslərin qoşunlara verilməsi ilə bağlı açıqlamalara baxmayaraq, yaxın dövrdə onların geniş şəkildə tətbiqi ehtimalı azdır.
Qeyd edək ki, yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.
