🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İcra nümayəndəliklərində kütləvi ixtisarlar: müavin və baş mühasib vəzifələri ləğv edildi

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri aparılıb. Dəyişikliklər nəticəsində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəz olunub, bəzi şöbələr isə birləşdirilib.

Struktur islahatları icra hakimiyyətlərinin tərkib hissəsi sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub və həmin postlarda çalışan şəxslər ixtisara düşüb.

Yenidən formalaşdırmadan sonra icra nümayəndəliklərində ştat vahidləri ərazi və əhali sayına uyğun şəkildə müəyyənləşdirilib.

Belə ki, şəhər və ya sahə inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə olmaqla ümumilikdə 5 ştat vahidi saxlanılıb.

Qəsəbə və kənd inzibati ərazi dairələrində əhali sayı 10 min nəfərədək olduqda icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı və xadimə olmaqla cəmi 3 ştat vahidi müəyyən edilib.

Əhali sayı 10 min nəfərdən yuxarı olan qəsəbə və kənd inzibati ərazi dairələrində isə icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə olmaqla ümumilikdə 4 işçi fəaliyyət göstərəcək.

Beləliklə, yeni strukturda qəsəbə və kənd icra nümayəndəliklərinin formalaşdırılmasında əhali sayı əsas meyar kimi götürülüb.